ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universitetində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Corc Vaşinqton Universitetinin Azərbaycan Tələbə Assosiasiyasının birgə təşkilatçılığı ilə Amerika – Azərbaycan Gənclərinin Forumu öz işinə başlayıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, forumda Corc Vaşinqton Universitetində və ABŞ-nin 21 müxtəlif ştat və şəhərlərində təhsil alan azərbaycanlı tələbələr və professorlar, Vaşinqton şəhərində fəaliyyət göstərən azərbaycanlı diplomatlar iştirak ediblər.
Forumun açılışında Azərbaycan və ABŞ-nin dövlət himnləri səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunub.
Forumda Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Kənan Məmmədov, Amerika Azərbaycan Tələbələr Təşkilatının rəhbəri Nabat Eminova və Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanovanın çıxış edib və qonaqları salamlayıb.
Görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edib və gənclərə uğurlar diləyib. E.Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən son illərdə keçirilən ənənəvi görüşlərlə bağlı danışıb və ABŞ-də yaşayan azərbaycanlı gənclərin və tələbələrin birlikdə fəaliyyətinə diqqət çəkib.
Tədbirdə "Gənclərin təhsil vasitəsilə inteqrasiyası", "Azərbaycan əsilli amerikalıların yeni nəsli: Mənim dünyam, ruhum, gözləntilərim", "Mən mümkünəm", "Xəyal et, inan, mözuvlarında panel müzakirələri aparılıb. Paneldə təhsil ekspertləri Ayan Əliyevə və Nigar Nəcəfova, tanınmış rejissor Elmar Bayramov, jurnalist Vüsalə Abbasova, gənc iş adamı Ülvi Verdiyev, öz sahələrində nailiyyət qazanmış forum iştirakçıları Vahab Cəbrayılov, Səmayə Həbibova vı Musa Mehdiyev çıxış edib.
Forumda Diaspor Gənclərinin Laçında keçirilən V Yay Düşərgəsi, şəhidlərə həsr olunmuş "Tarix dərsi" adlı videoçarx, həmçinin Diaspor marşı nümayiş olunub.
Görüşdə Corc Vaşinqton Universitetinin professoru Sevinc Məmmədova, Amerika-Azərbaycan Təşkilatları Alyansının sədri Münəvvər Vahabova və Azərbaycanın ABŞ-dəki səfirliyinin nümayəndəsi Vüqar Qurbanov çıxış edib. Çıxışlarda forumun əhəmiyyəti, Azərbaycanlı gənclərin ABŞ-a inteqrasiyası, xaricdə təhsilin və işlə təmin olunmanın çətinlikləri və yolları, gənclərin şəbəkələşməsinin önəmi və gələcək fəaliyyətdə hədəfıər, icmanın və Azərbaycan dövlətinin hər zaman gənclərə dəstək olması diqqətə çatdırılıb.
Forum müxtəlif panellərlə müzakirələrlə iki gün ərzində öz işini davam etdirəcək.
Bizim Telegram kanalımıza abunə olun