"Qarabağ" istəkli rəqibə qarşı oynayır. Avropada da özündən söz etdirib. Bu, təmsilçimizin keçə biləcəyi rəqibdirmi? Əlbəttə. Biz "Qarabağ"a hər zaman inanmışıq.
Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Qarabağ"ın bu gün "Dinamo"ya qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı barədə danışarkən deyib.
27 yaşlı hücumçu ilk qarşılaşmadakı nəticənin oyuna görə olmadığını vurğulayıb:
"Bəlkə də üçüncü qol artıq idi. Əvvəlki açıqlamamda Zaqreb təmsilçisinin nəticəyə oynayan təcrübəli komanda olduğunu demişdim. Bu turnirləri təhlil edib yaxşı baş çıxara bilirlər. Keçən il mən orada olanda uğursuzluqlarımız olmuşdu. Avropa Liqasında evdə Çexiyanın "Sparta" klubuna 3:1 qalib gəlsək də, səfərdə 1:4 hesabı ilə uduzmuşduq. Belə hallar da olur. Düşünürəm ki, hər komanda belə dönəmdən keçir. "Dinamo" çox yaxşı formadadır".
Milli üzvü azarkeşləri komandaya dəstək verməyə səsləyib:
"Qarabağ" birinci oyunda bunu bacara biləcəklərini göstərdi. Amma çətin olacaq. Heç vaxt rahat olmayıb, rahatlığı da sevməmişik (gülür). Öz adımdan da deyirəm. Amma məğlub olsa və ya qalib gəlsə, azarkeş də bunu başa düşməlidir. Futbolda hər nəticə olur. Bu görüşdən həzz alsınlar. Maraqlı oyun olacağını düşünürəm. Çünki iki yaxşı komandanın matçını izləyəcəklər. Doğma komandalarını sonadək dəstəkləsinlər, biz hamımız inanırıq".
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" görüşü bu gün, saat 20:45-də start götürəcək. Zaqrebdəki ilk qarşılaşmada meydan sahibləri üç cavabsız qolla qalib gəlib.
Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Bizim WhatsApp kanalımıza abunə olun