“Şamaxı” klubunun baş meneceri Kamran İsmayılov “Report”a müsahibə verib. Əsasən aşağı yaş qruplarında, akademiyada hazırkı duruma toxunan bölgə təmsilçisinin rəsmisi bir neçə gün öncə U-17 Liqasında “Şamaxı”nın “Zirə”yə 0:24 hesablı məğlubyyətini də şərh edib. K.İsmayılov həmçinin əsas komandaya yeni transferlər olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.
- Aşağı yaş qruplarındakı nəticələr uğurlu deyil. Bunun xüsusi səbəbləri varmı?
- İlk turda 3 komandamız meydana çıxıb. U-16 1:2, U-19 isə 1:3 hesabı ilə məğlub olub. Birinci oyunda uduzublar deyə, nəticələrin zəif olduğunu söyləmək doğru deyil. Sözsüz, “Şamaxı”nın akademiyası “Sabah”, “Neftçi”, “Qarabağ”, “Zirə” kimi klublarla müqayisədə daha zəifdir. Demirəm, uduzmaq yaxşıdır. Amma belə oyunlar da olacaq. Həm də akademiyada məqsəd qələbə qazanmaq və ya çempion olmaq deyil. Çempionluq arzulasan belə, məqsəd futbolçu yetişdirməkdir.
- “Şamaxı”nın U-17 komandasının “Zirə”yə 0:24 hesablı məğlubiyyətini necə izah etmək olar?
- Şamaxıda futbol 3 ildir bərpa olunub. Yeni başlayanda 13 yaşa qədər uşaqlardan komanda yığmışdıq. Həmin uşaqların hazırda 16 yaşı var. Fiziki olaraq Şamaxıda 17 yaşlı, peşəkar futbolla məşğul olanlar yoxdur. Mövsümün əvvəlindən bilirdik ki, U-17 komandasını formalaşdırmaq mümkün olmayacaq. Bakının heç kimə lazım olmayan futbolçularını yığmaq “Şamaxı”ya hansısa fayda verə bilər? Əlbəttə, xeyr. İkincisi, Bakıda stadion problemi var. Heç Bakı komandaları özlərinə stadion tapa bilmirlər. Yəni uşaqları orada saxlamaq da əlavə xərcdir. Bəlli büdcəmiz var. Premyer Liqada ən az büdcəyə malik klublar “Kəpəz” və “Şamaxı”dır. Bu səbəbdən çempionat başlamamışdan əvvəl AFFA-ya müraciət edib U-17 komandasının 1 il liqada oynamaması üçün icazə istədik. Bir şərtlə ki, lisenziyalaşdırma ilə bağlı problemimiz olmasın. Ancaq AFFA bizə icazə vermədi və U-17 komandası formalaşdırmağımız tələb olundu. Belədə məcburən küçədən, məktəblərdən heç vaxt futbolla peşəkar səviyyədə məşğul olmayan 22 nəfər 17 yaşlı oğlan yığaraq, komanda kimi sifariş edib çempionata buraxdıq ki, lisenziyalaşdırmanın tələblərini yerinə yetirək. Onu da qeyd edim ki, bu, Bakıda komanda saxlamaqdan daha sərfəlidir. İkincisi, pulumuzu heç olmasa şamaxılı uşaqlara xərcləyirik. Hazırda U-17 komandamız, sadəcə, həmin yaşda futbolla peşəkar səviyyədə məşğul olmayan oyunçulardan ibarətdir. Peşəkarlara qarşı oynayan bu uşaqlardan, əlbəttə, ciddi nəticə gözləmək sadəlövhlükdür. Onlar əvvəl küçədə “dır-dır” oynayırdılar. İndi AFFA-nın yarışlarında “Şamaxı”nı təmsil edirlər. Başqa yolumuz yox idi.
- Hazırkı U-17-ni sona qədər saxlamaq fikriniz var, yoxsa mövsüm bitdikdən sonra buraxacaqsınız?
- Bu uşaqlar futbolçu deyillər. Mövsümün sonuna qədər “Şamaxı”nı təmsil edəcəklər. İndiki U-16 komandamız gələn il artıq həmin yaşa çatacaq və U-17 Liqasında onlardan istifadə edəcəyik.
- Ümumiyyətlə, “Şamaxı”nın hazırda hansı yaş qrupu üzrə komandası yoxdur?
- Hazırda U-10-dan başlayaraq, U-16-ya qədər komandamız var. U-19 və əvəzediciləri məcburən Bakıda formalaşdırdıq. U-17-yə isə gücümüz çatmadı deyə, bu şəkildə yığmağa məcbur olduq. Əlimizdəki imkanlarla AFFA-nın tələblərini yerinə yetirməyə çalışırıq.
- Tələblərdən biri də hər klubun nəzdində qadın komandalarının olmasıdır. “Şamaxı”da belə komanda var?
- Tələblər belədir ki, ya qadın komandasını çempionata buraxmalısan, ya da hansısa müstəqil kollektivə dəstək göstəməlisən. Şərt deyil ki, həmin kollektiv “Şamaxı” adı ilə çempionatda iştirak etsin. Biz də tələbə uyğun olaraq qadın komandalardan biri ilə danışıqlar aparırıq və dəstək göstərəcəyik. Bununla da lisenziyalaşdırmanın tələbini yerinə yetirmiş oluruq. Ancaq tam açıqlama vermək istəmirəm, çünki danışıqlar prosesi bitməyib. Qızlardan ibarət komandaların yarışları hələ başlamayıb.
- Əsas komandanın Azərbaycan Premyer Liqasında "Zirə" üzərində qələbəsi nədənsə xəbər verir?
- Çempionat oyunu idi, udduq, 3 xal qazandıq.
- Bu mövsüm üçün hədəflər nədir?
- Komandanın qarşısına Premyer Liqada qalmaq məqsədi qoyulub. Düzdür, istənilən oyunda qələbə qazanmaq və turnir cədvəlində yüksək pillələrdə yer tutmaq niyyətindəyik. Lakin əsas məqsəd Premyer Liqanı tərk etməməkdir.
- "Zirə" üzərində qələbəyə görə mükafat veriləcək?
- "Şamaxı" peşəkar klubdur. Futbolçular istənilən qələbəyə görə mükafat alırlar.
- Əsas komandaya yeni transferlər gözlənilir?
- "Transfer pəncərəsi" sentyabrın 16-da bağlanacaq. Yəni futbolçu götürmək hüququmuz var. Ona görə də "100 faiz olmayacaq” demirəm. Çünki hər şey mümkündür. Hazırda durum belədir ki, yay fasiləsi üçün transfer məsələsini bağlamışıq və hər hansı planımız yoxdur.
Bizim Telegram kanalımıza abunə olun