Özünüzə qulluq edin, həyatınızın qayğısına qalın və yaşayın, əlvida!
“Report” “Mirror”a istinadən xəbər verir ki, bu sözləri dünya futbolunun əfsanəvi məşqçilərindən sayılan Sven-Yoran Eriksson deyib.
Xərçəng xəstəliyindən əziyyət çəkən 76 yaşlı isveçli mütəxəssis həyatdan köçdükdən sonra unudulmaq istəmədiyini bildirib:
“Yaxşı həyatım olub. Düşünürəm ki, hamımız öləcəyimiz gündən qorxuruq, amma həyat da ölümdən ibarətdir. Onu olduğu kimi qəbul etməyi öyrənməlisən. Ümid edirəm ki, insanlar mənim haqqımda “yaxşı adam idi” deyəcəklər. Məni bacardığı hər şeyi etməyə çalışan pozitiv biri kimi xatırlayacaqsınız. Peşman olmayın, gülümsəyin. Hər şey üçün təşəkkür edirəm. Məşqçilər, oyunçular, izdiham fantastik idi”.
Xəstəliyi üzə çıxandan qalan ömrünü İsveçdə iki gölün arasında yerləşən Sunne şəhərindəki evində keçirən dünyaca məşhur mütəxəssis buranın onu sakitləşdirdiyini vurğulayıb:
“Gözəl yer insanı sakitləşdirir. Atam dağın ətəyində böyüdü. Qarşıda isə mənim böyüdüyüm Torsbi və doğulduğun Sunnedir. Həmişə yatmaq üçün gözəl yer olduğunu düşünürdüm. Külü burada suya atmaq olar. Özümü evdəki kimi hiss edərəm”.
Qeyd edək ki, “Roma”, “Fiorentina” (hər ikisi İtaliya), “Mançester Siti” (İngiltərə) klublarını, İngiltərə, Meksika millilərini çalışdırmış Sven-Yoran Eriksson bu ilin yanvarında mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyini və ən yaxşı halda bir il ömrünün qaldığını açıqlamışdı.
Bizim Telegram kanalımıza abunə olun