Şimali Koreya Cənubi Koreya və ABŞ-nin bu yaxınlarda keçirdiyi "Iron Mace" adlı birgə hərbi təlimləri pisləyərək, onların "nüvə müharibəsinin məşqi" olduğunu bəyan edib.
"Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini Kim Çonun bəyanatında bildirib.
"Döyüşkən "Iron Mace" adını daşıyan bu təlimlər dövlətimizə qarşı nüvə silahından istifadəni hədəfləyən ən dəhşətli nüvə müharibəsi məşqidir", – deyə bəyanatda qeyd olunub.
Pxenyanın fikrincə, keçirilən təlimlər KXDR-in belə nüvə təhdidlərinə ardıcıl cavab verə biləcək nüvə qüvvələrini fasiləsiz gücləndirmək səylərinin düzgünlüyünü təsdiqləyir.
"Hazırkı və gələcək mürəkkəb təhdidlərə cavab olaraq ölkənin nüvə müharibəsinin qarşısını almaq imkanlarını daha da sürətlə gücləndirməyə yönəlmiş KXDR-in müdafiə siyasətində heç bir dəyişiklik olmayacaq", - Kim Çon bildirib.
Mənbə: report.az