IMG-LOGO

Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir

02 Nov 2026 06:48 2 baxış
IMG

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri mövcud donanmanın texniki vəziyyəti ilə bağlı narahatlıqlar fonunda yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyin yollarını araşdırır.

"Report" "The Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə nəşr mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, müdafiə şirkəti "Babcock" Şotlandiyadakı gəmiqayırma zavodunun işçi heyətini genişləndirə və ya müəssisədə iki növbəli iş rejimi təşkil edə bilər. Bu tədbirlər "Type 31" layihəsi üzrə beş freqatın tikintisini sürətləndirmək məqsədi daşıyır.

Qəzetin yazdığına görə, istehsal tempinin artırılması əlavə maliyyə vəsaiti tələb edəcək. Bununla belə, sahə üzrə mənbələrdən birinin qiymətləndirməsinə əsasən, ilk freqat artıq 2028-ci ildə hazır ola bilər.

Bundan əvvəl "Breaking Defense" nəşri ABŞ Hərbi Dəniz Qüvvələrinin donanma gəmilərində "Intelligent Perception System" (IPS) adlı süni intellekt sisteminin tətbiqi üçün "Applied Intuition" şirkəti ilə 25 milyon dollarlıq müqavilə bağladığını yazıb.

"IPS" kameraların və infraqırmızı sensorların məlumatlarını birləşdirərək, heyət üçün vahid əməliyyat mənzərəsi formalaşdıracaq. Bu sensorların bir qismi ilkin olaraq birgə işləmək üçün nəzərdə tutulmayıb.

Mənbə: report.az

Xəbər lenti