Britaniya ordusu ilk dəfə RAF Protector pilotsuz uçuş aparatını xarici gəmilərin müşahidəsi üçün tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə "The Telegraph" nəşri ölkənin müdafiə naziri Ues Stritinqə istinadən məlumat yayıb.
"Protector ilk dəfə Kral Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri və helikopterləri ilə birlikdə sahillərimiz yaxınlığındakı fəaliyyəti müşahidə edib. Bu, təhdidlərin və məsuliyyətsiz təxribatların izlənilməsi və qarşısının alınması üçün daim yeni texnologiyalardan istifadə etdiyimizi nümayiş etdirir", – nazir bildirib.
Qeyd olunub ki, sentyabrın sonundan oktyabrın ortalarınadək silahlandırılmamış pilotsuz aparat, o cümlədən Rusiya gəmiləri də daxil olmaqla, xarici gəmiləri 10 saatdan çox müşahidə edib.
Nəşr yazır ki, Böyük Britaniya bu tipdən 16 pilotsuz uçuş aparatı sifariş edib. Onlardan 11-i artıq silahlanmaya daxil edilib.
PUA uzunmüddətli kəşfiyyat və müşahidə aparmaq imkanlarını nümayiş etdirib, həmçinin hərbi və mülki hava gəmiləri ilə koordinasiyalı fəaliyyət göstərmək qabiliyyətini təsdiqləyib.
Mənbə: report.az