IMG-LOGO

Evdə yaşayan sirli varlıq “əyə” barədə maraqlı faktlar - Belə yaranıb

02.07.2024 19:16 8 baxış
IMG

Başqasının həyətinə evinə girib, heç kimi görməyəndə, “ay ev yiyəsi”,  “kimsə varmı” deyə səs salırıq ki, ev adamları gəlişimizdən xəbər tutsunlar. Amma o an xəbərimiz olmur ki, əslində evin bildiyimiz sahibini yox, gözəgörünməz sahibini, astral varlıqları çağırırıq. 

Lent.az “Belə yaranıb” rubrikasında “ev yiyəsi” kəlməsinin arxasında yatan sirli mənadan bəhs edir.

Ruslar ona "domovoy" deyirlər. Türklər isə gah damdabaca, gah da əyə deyərdilər. İnanca görə hər ocağı, yurdu, evi qoruyan bir əyə var. Evdə heç kim olmasa belə, daxil olarkən könlünü xoş eləmək üçün öncə ona səslənib, “ev əyəsi, xoş gördük” demək lazım idi. Əyə sözü qədim türk ləhcələrində  iyə, iy, uy, öy kimi də səslənib. Bir çox kəndlərimizdə indi də evə öy deyilməsi ənənəsi də bununla bağlıdır.

İnanca görə, hər evin əyəsi fərqli olur. O bəzən ilan, tısbağa, kirpi, hörümçək, göyərçin şəklində gözə görünür. Deyilənə görə, balaca boylu, yaşlı, qara çuxalı kişi şəklində də gözə dəyir.  Bəxtim, qoruyanım, taleyim yatıb anlamını verən  “Qaraçuxam yatıb” ifadəsi də el dilində bu səbəblə yaranıb.

Şaman inancına görə, Qobustan 26 min ildir Yer kürəsinin enerjisini tənzimləyən mərkəzdir. Qobustanı qurd, at, qartal libasındakı əyələr qoruyur. 

Bir də qədim türklərin və Altayların Kimsənə adlı gözəgörünməz bir varlığa inancı var  idi. Kimsənə demək olar ki, əyə sözünün sinonimidir. “Kimsə varmı?” demək, keçmişdən gələn o ənənənin, Kimsənəni salamlamağın yadigarıdır.

Ev əyəsini ev heyvanlarının, xüsusilə pişiklərin gördüyünüə dair rəvayət də var.

İnanca görə, ev əyəsi ev sahibləri mehribandırsa o evə hüzur , bərəkət üçün dua edər. Əgər ev sahibləri həmin evdən köçüb gedərdilərsə  “sən də bizimlə gəl, ev əyəsi” deyib onu dəvət edərdilərsə, əyə onlarla birlikdə köçər, əks halda həmin yurda. ocağa bağlı qalardı. 

Ev əyəsinin könlünü xoş eləmək üçün ona hərdən şirniyyat hədiyyə edərdilər.

Xəbər lenti