Bir şəxsi qəsdən öldürməkdə, digər şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Abşeron rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, ötən il oktyabrın 31-də Abşeron rayonu ərazisində bir nəfərin qəsdən öldürülməsi, bir nəfərə isə xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla Pakistan İslam Respublikasının vətəndaşı 2001-ci il təvəllüdlü Shabbir Asad Ahmad Shabbirin Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək həmvətənliləri Mehmood Shawaiz Ahmad Mehmoodu qəsdən öldürməsi, Raza Muhammad Ahmad Khan Muhammad Amir Qadeeri isə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Shabbir Asad Ahmad Shabbirə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.7 və 29, 120.2.9-cu (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə və xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiqlənib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.