IMG-LOGO

Hüquqşünasdir, 60 yaşında gözəllik yarışmasının tarixinə düşdü

29.05.2024 20:15 107 baxış
IMG

Argentinalı hüquqşünas 60 yaşlı Alejandra Marisa Rodriqes paytaxt Buenos-Ayresdə keçirilən “Miss Argentina” gözəllik müsabiqəsində "ən yaxşı üz" kateqoriyasında birinci yeri qazanıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ancaq Rodriqes finalda birinci yeri tuta bilməyib. Beləliklə, Rodriqesin tarixin ən yaşlı “Kainat gözəli” yarışmaçısı olmaq ümidləri puç olub.

İspandilli televiziya kanalına danışan Rodriqes müsabiqədə iştirakının "gələcək bir dəyişikliyin ilk addımı olacağına" ümid etdiyini bildirib.

Rodriqes aprel ayında Buenos-Ayres gözəli tacını alıb və o zaman manşetlərə çıxıb. Bir çox insan sosial mediada Rodriqesi yaşla bağlı stereotiplərə meydan oxuduğu üçün tərifləyib.

Rodriqesin müsabiqədə iştirakı “Kainat gözəli” təşkilatının yaşla bağlı qaydalarını dəyişməsindən sonra mümkün olub.

2023-cü ildə müsabiqənin yuxarı yaş həddi götürülüb. Əvvəllər müsabiqə iştirakçıları 18-28 yaş arasında olmalı idi.

"İnanıram ki, bir çox insan üçün yeni bir qapı açılıb", - Rodriqes tədbirdən sonra deyib.

Mətbuatın yazdığına görə, xəstəxanada hüquq məsləhətçisi işləyən Rodriqes gənc görünüşünü həyat tərzinə borclu olduğunu deyir.

Builki “Miss Argentina”nın qalibi İspaniyanın Kordoba şəhərindən olan 29 yaşlı aktrisa və model Maqali Benejam olub. Benejam digər 27 iştirakçını geridə qoyub.

Benejam sentyabrda Meksikada keçiriləcək “Miss Universe International” 2024”də Argentinanı təmsil edəcək.

İlk “Miss Universe International” müsabiqəsi 1952-ci ildə keçirilib. Keçən ilə qədər yalnız 18-28 yaşlı subay qadınların iştirakına icazə verilirdi.

Müasirləşməyə çalışan müsabiqə təşkilatçıları 2023-cü ildən bəri digər qayda dəyişiklikləri, məsələn, evli və ya boşanmış, uşaq dünyaya gətirmiş və ya hamilə qadınların iştirakına icazə verib.

"Bu, müsbət bir dəyişiklik idi, məncə, bütün dəyişikliklər kimi, tədricən baş verdi", - Rodriqes ABŞ mediasına söyləyib.

“Birinci olmaq fürsəti” əldə etdiyi üçün qürur duyduğunu bildirən Rodriqes ölkəsini təmsil etməsə də, gözəllik, yaş, forma və çəki ilə bağlı stereotiplərin yavaş-yavaş dəyişdiyinə əmin olduğunu bildirib.