IMG-LOGO

Azərbaycan, Ermənistan və ABŞ rəsmiləri Vaşinqtonda görüşdü-YENİLƏNİB

12 Aug 2026 00:21 4 baxış
IMG
2 0

Avqustun 10-da Vaşinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında üçtərəfli görüş keçirilib. APA xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş 8 avqust 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton Sammitinin birinci ildönümündə baş tutub və Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə həsr olunub.

 

Görüş zamanı tərəflər Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) təşəbbüsü ilə bağlı son vəziyyət və növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Bu çərçivədə, müvafiq anlaşmaların həyata keçirilməsinin irəlilədilməsi, habelə TRIPP-in maneəsiz regional bağlantının, iqtisadi inkişafın və davamlı sülhün təmin olunmasına töhfə vermək potensialının reallaşdırılması istiqamətində səylər müzakirə edilib.

 

Tərəflər, həmçinin Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə davam edən prosesə dair fikir mübadiləsi aparıb, əldə olunmuş razılaşmalar əsasında bu istiqamətdə praktiki işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Qarşılıqlı etimadın möhkəmləndirilməsinə və sülh prosesinin davamlı şəkildə həyata keçirilməsinə dəstək verən etimad quruculuğu tədbirlərinə xüsusi diqqət yetirilib.

 

Tərəflər Vaşinqton Sammitinin birinci ildönümündə üçtərəfli görüşə ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə edib və əldə olunmuş öhdəliklərin konkret nəticələrə çevrilməsinin əhəmiyyətini vurğulayıblar.

*** 22:46

Avqustun 10-da Vaşinqtonda 2025-ci ildə keçirilmiş Vaşinqton Sülh Sammitinin birinci ildönümü ilə əlaqədar Azərbaycan, Ermənistan və ABŞ rəsmilərinin iştirakı ilə görüş keçirilib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edən müavini Vaan Kostanyan, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker iştirak ediblər.

Vaan Kostanyan ötən il keçirilmiş sammitin təşkilində, eləcə də cari il ərzində Azərbaycan və Ermənistan arasında sülhün institusionallaşdırılmasında ABŞ Prezidenti Donald Trampın şəxsi töhfəsini yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər əldə olunmuş müsbət irəliləyişlər, regionda həyata keçirilən infrastruktur layihələri və etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparıblar.

Mövcud humanitar məsələlərin həllinin vacibliyi də vurğulanıb.

Azərbaycan ABŞ Ermənistan

Mənbə: lent.az

Xəbər lenti