Şövkət Ələkbərova Azərbaycan musiqisində mahnıları həmişə dinlənlən sənətkarlardan biridir. Bir çox mahnıya öz möhürünü vuran sənətkarın səhnədəki uğurlarının arxasında isə kifayət qədər ağır bir həyat dayanıb.
Lent.az “Unudulan sənətkarlar” rubrikasında Xalq artisti Şövkət Ələkbərovanın həyat və yaradıcılığından maraqlı və az bilinən məqamları təqdim edir.
Kamança ilə başlayan yol
Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda dünyaya gəlib. Ailəsində musiqiyə böyük maraq olub və gələcəyin məşhur xanəndəsi də kiçik yaşlarından bu mühitdə böyüyüb. Anası qadınlardan ibarət orkestrdə tar çalıb və balaca Şövkəti məşqlərə aparıb. Sonralar onların evində tar, kamança və zərb alətlərindən ibarət kiçik ailə üçlüyü yaranıb. Atası da muğam və aşıq musiqisinin həvəskarı olub.
Maraqlıdır ki, Şövkət Ələkbərova musiqiyə birbaşa xanəndə kimi başlamayıb. Onun ilk musiqi aləti kamança olub. Sonralar Asəf Zeynallı adına Musiqi Məktəbində böyük xanəndə Hüseynqulu Sarabskidən dərs alıb.
15 yaşlı qızın taleyini dəyişən “Qarabağ şikəstəsi”
1937-ci il Şövkət Ələkbərovanın həyatında dönüş nöqtəsi olub. 15 yaşlı Şövkət bədii özfəaliyyət kollektivlərinin müsabiqəsinə qatılıb. Opera Teatrında keçirilən yekun konsertdə “Qarabağ şikəstəsi”ni ifa edən gənc qız Üzeyir Hacıbəyov, Bülbül və Səid Rüstəmov kimi sənətkarların diqqətini çəkib.
Şövkət Ələkbərova Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə müsabiqənin ən yaxşı üç ifaçısından biri olub. Məhz bundan sonra onun böyük səhnəyə gedən yolu açılıb. Şövkət Ələkbərova Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Xorunda peşəkar fəaliyyətə başlayıb.
Müharibə illərinin səsi
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olan Şövkət Ələkbərova sonradan Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlayıb. Onun səsi xüsusilə lirik mahnılarda fərqlənirdi. Şövkət Ələkbərova muğamı estrada və bəstəkar mahnısının ifadə imkanları ilə birləşdirərək özünəməxsus ifa tərzi yaratmışdı. “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlarla yanaşı, bəstəkar mahnıları da onun repertuarının əsasını təşkil edirdi.
Onun repertuarında Tofiq Quliyev, Cahangir Cahangirov, Emin Sabitoğlu, Vasif Adıgözəlov kimi bəstəkarların əsərləri xüsusi yer tutub. Cahangir Cahangirovun “Füzuli” kantatasındakı “Məni candan usandırdı” ifası isə sənətkarın yaradıcılığının ən qiymətli nümunələrindən sayılır.
Sərhədləri aşan səs
Şövkət Ələkbərova yalnız Azərbaycanda və SSRİ-də tanınmırdı. O, müxtəlif illərdə Fransa, İsveçrə, Hindistan, Şri-Lanka, Əfqanıstan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və başqa ölkələrdə konsertlər verib. Şərq ölkələrində onun ifalarının xüsusi rəğbətlə qarşılanmasının səbəblərindən biri repertuarında Azərbaycan mahnıları ilə yanaşı, Orta Şərq xalqlarının musiqisinə də yer verməsi idi.
Azərbaycan kinosunun unudulmaz səsi
Şövkət Ələkbərovanın səsi Azərbaycan kinosunda da yaşayır. “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı?” kimi filmlər üçün yazılmış mahnılar onun ifasında məşhurlaşıb. Daha bir maraqlı məqam “O olmasın, bu olsun” filmi ilə bağlıdır. Filmdə Sənəm obrazının musiqi partiyalarını Şövkət Ələkbərova səsləndirib.
Səməd Vurğundan Şövkət Ələkbərovaya
Sənətkarla bağlı maraqlı faktlardan biri də Səməd Vurğunla əlaqəlidir. Bəzi mənbələrdə şairin “Oxu, gözəl” əsərinin sözlərini Şövkət Ələkbərova üçün yazdığı bildirilir.
İki evlilik, iki fərqli tale
Şövkət Ələkbərova iki dəfə ailə həyatı qurub. İlk nikahından Natella adlı qızı dünyaya gəlib. İlk həyat yoldaşı hərbi həkim olub. Onlar müharibədən əvvəl ayrılıblar. Sonradan həmin şəxs cəbhəyə yollanıb və geri qayıtmayıb.
Şövkət Ələkbərovanın ikinci həyat yoldaşı Azərbaycan kinosunun tanınmış rejissorlarından Lətif Səfərov olub. Bu evlilikdən onların Bəşir adlı oğlu dünyaya gəlib. Ancaq bu ailənin xoşbəxtliyi də uzun sürməyib. 1963-cü ildə Lətif Səfərovun ov tüfəngi ilə özünü güllələyib intihar etməsi Şövkət Ələkbərovanın həyatında ən ağır hadisələrdən birinə çevrilib. Sənətkar həyat yoldaşının ölümündən sonra iki övladının qayğısını üzərinə götürərək həyatını davam etdirməli olub.
Qızının ölümündən sonra dayanan həyat
Səhnədə gülümsəyən və mahnıları ilə minlərlə insanın sevgisini qazanan qadının şəxsi həyatında yaşadığı sarsıntılar bununla bitməyib. Ona ən ağır zərbə qızından gəlib. Şövkət Ələkbərovanın ilk nikahından dünyaya gələn qızı Natella xərçəng xəstəliyinə tutulub. Natellanın vəziyyəti ağırlaşdıqdan sonra gənc yaşında vəfat edib. Qızının ölüm xəbəri isə bir müddət Şövkət Ələkbərovadan gizlədilib. Yaxınlarının xatirələrinə görə, qızının ölümündən sonra Şövkət xanım əvvəlki kimi ola bilməyib, özünə qapanıb, bir daha mahnı oxumayıb.
Övladlarından başqa Şövkət Ələkbərova öz qardaşlarının övladlarına da baxıb. İkinci Dünya Müharibəsi zamanı sənətkarın hər iki qardaşı həlak olub. Böyük qardaşı Mirələkbərin müharibədə ölməsindən sonra onun yoldaşı evi tərk edib. Onların qızı Validə isə onda bir neçə aylıq körpə olub. Validə üçüncü sinifdə oxuyarkən məktəbdə öyrənib ki, Şövkət Ələkbərova onun anası yox, bibisidir. Bununla belə, Validə ondan bu sirri saxladığı üçün üz döndərməyib. Şövkət Ələkbərova analıq etdiyi qardaşı qızını oxudub, evləndirib.
Onun həyatı ilə daha bir təsirli məqam isə anasının qollarında ölməsi olub. Bundan sonra qorxan sənətkar şəkər xəstəliyinə tutulub.
Nəvəsinə oxuduğu laylalar
Yaxınlarının söylədiyinə görə, Şövkət Ələkbərova yeni doğulmuş nəvəsinə tez-tez layla oxuyurmuş. Böyük səhnələrdə minlərlə insan qarşısında oxuyan sənətkarın son illərində səsini ən çox eşidənlərdən biri öz nəvəsi olub. Qızının itkisi Şövkət Ələkbərovanın həm mənəvi, həm də fiziki vəziyyətinə ağır təsir göstərib. Ömrünün son dövründə səhhəti pisləşən sənətkar əvvəlki fəallığından uzaqlaşıb.
Ailə üzvlərinin sonradan danışdıqlarına görə, o, həyatının son günlərində evə gələn insanların onu xəstə və zəif vəziyyətdə görməsini istəməyib, daha çox ailəsi ilə qalmağa üstünlük verib. Bütün faciələrə baxmayaraq, son müsahibələrindən birində həyatında çətinliklərin çox olduğunu etiraf etsə də, özünü xoşbəxt insan hesab etdiyini söyləyib.
Şövkət Ələkbərova 1993-cü il fevralın 7-də 70 yaşında Bakıda vəfat edib. Böyük sənətkar Birinci Fəxri xiyabanda dəfn olunub.
Unudulan sənətkarlar Şövkət ƏləkbərovaMənbə: lent.az