IMG-LOGO

Evdən çıxmağımı güdürdü - Bakıda elektron qəlyana görə QAN TÖKÜLDÜ

11 Aug 2026 17:57 3 baxış
IMG
1 0

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən S.S-in cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid M.M. Ə.N-nin nənəsi olduğunu deyib:

"Evlərimiz bir-birinə yaxın məsafədə yerləşir, qonşu sayılırıq. Həmin gün qızımın evində idim, nəvəm Ə.N də evdə idi. İşim olduğu üçün evimə qayıtmalı oldum. Ehtimal edirəm ki, S. mənim nə vaxt o evdən çıxacağımı güdüb. Evimə təzəcə çatmışdım ki, səs-küy eşidib pəncərəmdən baxanda S.S-nin əlində bıçaqla yerə yıxılan N-nin başının üstündə dayandığını gördüm. Ağlım başımdan çıxdı, hay salıb yola tərəf qaçdım".

Şahid Ə.Z hadisə günü S-nin Ə.N-lə əlbəyaxa olduqlarını gördüyünü bildirib:

"Evimdə idim. Bir qadının ay aman, kömək edin deyə qışqırdığını eşidib tez çölə qaçdım. Yaxınlaşanda gördüm ki, S. N-ə zərbələr endirir. N. də çabalayıb qışqırır, kömək istəyirdi. Mən qışqırıb burax xalxın uşağını deyərək, onlara tərəf qaçmağa başladım. Hay-küyə, qışqırığa insanlar toplaşanda S. tez qaçıb getdi. N-ni qucağıma alıb qapılarının ağzına gətirdim, "102"-yə zəng elədim. S. N-yə qardaşını tap ver mənə, yoxsa onu sənin günə salacam deyirdi".

Növbəti proses 1 sentyabr saat 11:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 13 oktyabr 2025-ci ildə Binəqədi rayonu, 28 may qəsəbəsində baş verib.

İttihamda qeyd olunur ki, S.S tanışı Ə.Ə-nin elektron qəlyanını alıb geri qaytarmayıb. Ə. S-nin qardaşı F-lə ona xəbər göndərərək, qəlyanını geri qaytarmasını tələb edib. Bundan sonra Ə. ilə F. arasında mübahisənin yarandığı və Ə-nin F-ə şillə vurduğu məlum olub. S. Ə-nin təhsil aldığı məktəbə gəlib və onun dərsdən çıxmasını gözləyib. Dərsdən çıxan Ə. ilə S. arasında mübahisə yaranıb, Ə. təkrar elektron qəlyanını ondan geri tələb edib.

Bundan qəzəblənən S. Ə-nin boyun nahiyəsindən güclü zərbə endirib. Müəllimlərin və şagirdlərin toplaşmasından sonra S. Ə-ni buraxaraq məktəbdən uzaqlaşıb. Lakin çox keçmədən S. yenidən məktəbə qayıdıb və həyətdə dayanıb sinif yoldaşları ilə söhbət edən İ.M-yə yaxınlaşıb səbəbsiz yerə ondan "Məni döyəcəksən?"-deyə soruşub. İ. "Səninlə işim yoxdur" -deyib uzaqlaşmaq istəyəndə S. İ-yə güc tətbiq edərək, onun başına və bədəninin müxtəlif hissələrinə zərbələr vurub. Yaranmış səs-küyə görə hadisə yerinə yaxınlaşan məktəbin direktor müavini onların hər ikisini məktəbə apararaq "102"yə zəng edib. Direktor müavininin zəngindən sonra məktəbdən qaçan S. Ə-nin qardaşı N-nin baş vermiş hadisəyə görə onu axtardığını öyrənib. S. N-nin yaşadığı evə gələrək onu küçəyə çağırıb özü ilə gətirdiyi bıçaqla onu vuraraq, ağır bədən xəsarətləri yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.S Cinayət Məcəlləsinin  29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29. 120.2.4-cü maddəsi  (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) 221.2.1(xuliqanlıq) maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisələr kriminal xəbərlər məhkəmə işləri cinayət işləri məhkəmə qərarları

Mənbə: lent.az

Xəbər lenti