IMG-LOGO

Emin İskəndərov: "Cüdoçular fiziki və psixoloji cəhətdən dünya çempionatına tam hazırdırlar"

07 Aug 2026 13:27 4 baxış
IMG

Azərbaycan cüdoçuları Ekvadorun Quayakil şəhərində keçiriləcək yeniyetmələr arasında dünya çempionatından uğurlu nəticə ilə dönmək istəyirlər.

Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Emin İskəndərov deyib.

Mütəxəssis Cənubi Amerika qitəsində keçiriləcək mundialda Azərbaycan təmsilçilərinin uğurlu çıxış edəcəyinə inandığını söyləyib:

"Dünya çempionatında hədəfimiz Avropa çempionatında olduğu kimi böyük nailiyyətlər əldə etməkdir. İdmançılarımız hazırda tam formadadırlar. Şükürlər olsun ki, zədəli cüdoçularımız yoxdur. Onlarda yüksək potensial var. İnanıram ki, qitə birinciliyindəki uğurları mundialda təkrarlaya biləcəklər. Bunu məşqçi kimi görə bilirəm".

O, dünya və Avropa seçmpionatlarının bir-birindən fərqləndiyini bildirib:

"Təbii ki, dünya çempionatının müəyyən qədər özünə görə çətin tərəfləri var. Lakin sevindirici haldır ki, idmançılarımızda o xarakter var. Cüdoçuların hər biri Ekvadordan uğurlu nəticə ilə dönmək istəyirlər. Deyə bilərəm ki, hər bir idmançı həm fiziki, həm də psixoloji cəhətdən yarışa hazırdırlar".

Qeyd edək ki, avqustun 20-dən 23-dək təşkil olunacaq yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.

Mənbə: report.az

Xəbər lenti