IMG-LOGO

Ukraynalıların 60%-i Donbasın Rusiyaya verilməsinə qarşıdır

07 Aug 2026 13:33 4 baxış
IMG

Ukraynalıların əksəriyyəti ABŞ və Avropa ölkələrinin təhlükəsizlik zəmanətləri müqabilində Donbasın Rusiyaya verilməsinə qarşı çıxır.

"Report" xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 2026-cı il 20 iyul–3 avqust tarixlərində keçirdiyi sorğunun nəticələrində əks olunur.

Tədqiqata əsasən, respondentlərin 60%-i Qərbin təhlükəsizlik zəmanətləri müqabilində bütün Donbasın Rusiyanın nəzarətinə verilməsini qəti şəkildə qəbuledilməz hesab edir. Sorğuda iştirak edənlərin 33%-i bu variantı dəstəkləməyə hazırdır, 7%-i isə cavab verməkdə çətinlik çəkib.

Aprel ayı ilə müqayisədə bu ssenarinin tərəfdarlarının sayı azalıb: o zaman sorğu iştirakçılarının 36%-i bunu dəstəkləməyə hazır olduğunu bildirib, 57%-i isə buna qarşı çıxıb.

Bununla yanaşı, əhəmiyyətli maliyyələşmə və silah tədarükü müqabilində müharibənin indiki cəbhə xətti boyu dondurulması ideyası ukraynalıların 59%-nin dəstəyini qazanıb. Respondentlərin 31%-i bu ssenarinin qəti şəkildə əleyhinə çıxış edib.

Bundan əlavə, tədqiqat iştirakçılarının 77%-i hesab edir ki, Rusiya irəliləməsinə baxmayaraq böyük itkilər verir və Ukrayna səmərəli müqaviməti davam etdirmək iqtidarındadır. Yalnız 12% Ukraynanın vəziyyətinin ümidsiz olduğu fikrindədir.

Sorğu həmçinin göstərib ki, ukraynalıların əksəriyyəti müharibənin tezliklə bitəcəyini gözləmir. Yalnız 21% onun bu ilin sonuna qədər başa çatacağını düşünür, daha 15% isə münaqişənin 2027-ci ilin birinci yarısında başa çatacağını gözləyir. Eyni zamanda 45% hesab edir ki, müharibə azı 2027-ci ilin ikinci yarısına qədər və ya daha uzun çəkəcək.

İnstitutda həmçinin müharibəni nə qədər lazım olarsa, bir o qədər davam etdirməyə hazır olan vətəndaşların sayının artdığı qeyd olunur. Apreldə respondentlərin 48%-i belə cavab verib, iyul-avqust sorğusunun nəticələrinə görə isə bu göstərici 61%-ə yüksəlib.

Sorğu Rusiyanın işğalı altında olmayan Ukraynanın bütün regionlarında 18 yaş və yuxarı 974 respondent arasında telefon müsahibəsi (CATI) metodu ilə keçirilib.

Mənbə: report.az

Xəbər lenti