IMG-LOGO

Nə vaxt çölə çıxıram, videomu çəkib paylaşırlar - "Arzum9999"un MƏHKƏMƏSİ

07 Aug 2026 13:22 4 baxış
IMG
0 0

Bakı Apellyasiya Məhkəməsində paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli "tiktok"er İlduzə Hacıyevanın barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənin vəkilinin məhkəmə tərkibinə etirazı ilə davam edib. Vəkil etirazı onunla əsaslandırıb ki, apellyasiya şikayəti yoxlanılmayıb, zərərçəkən tərəfin şikayətə münasibət bildirmək imkanı olmayıb.

Məhkəmə tərkibi etirazın baxılmamış saxlanıldığını elan edib.

Zərərçəkən Sənubər Muradova həmin gün həyat yoldaşı ilə marketdən qayıtdığını bildirib:

"Dəqiq xatırlamıram, amma həyat yoldaşım maşını 90-100 sürətlə idarə edirdi. İlduzə xanımın maşını bizə yol vermədi. Biz sağ tərəfdən toqquşduq. Bu qəzada həm həyat yoldaşımı itirdim, həm də sağlamlığımı: faktiki olaraq eşitmə qabiliyyətindən məhrumam. Amma Hacıyevanın tərəfdarları bununla bağlı sosial şəbəkələrdə ünvanıma təhqirlər yağdırırlar ki, mənim eşitmə qabiliyyətimi itirməyim yalandır. Onlar məni müxtəlif üsullarla hədələyib təhqir edirlər. Ailəmlə birlikdə nə vaxt çölə çıxıram, sonradan görürəm ki, xəbərsiz videolarımı çəkib sosial şəbəkələrdə paylaşırlar. Bizimlə barışığa cəhd olunmayıb. Şikayətçiyəm, məhkəmədən xahiş edirəm ki, ədalətli qərar qəbul etsin".

Şahid İ.İ.həmin gün "Bravo" marketin yaxınlığında olduğunu deyib:

"Səs-küydən qəza olduğunu eşidib tez həmin yerə qaçdım. İlduzə xanım maşının yanında dayanıb ağlayırdı, vəziyyəti pis idi. Yanındakı xanım və yeniyetmə qız onu maşına apardılar, maşında halı pisləşdi, ürəyi getdi. İlduzə xanımın yanındakı xanım xahiş etdi ki, maşını idarə edim. Mən öz maşınımı orada qoyub onları xəstəxanaya apardım. Təxminən yarım saat, 40 dəqiqə sonra xəstəxanadan ayrıldıq, onları evlərinə gətirdim".

Zərərçəkən S. Muradova şahidin yalan danışdığını, hadisənin sözügedən marketin ətrafında baş vermədiyini deyib.

Məhkəmə tərkibi sənədlərin tədqiqi mərhələsinə başlandığını elan edib. 

Müdafiə vəkilləri əlavə vəsatətlər təqdim edərək, qəzanın cüzi sürtünmə və ya sürətlə idarə olunmasına görə baş verməsinin araşdırılması, həmçinin kompleks avtotexniki ekspertizanın təyin olunmasını məhkəmədən xahiş ediblər.

Məhkəmə tərkibi qısa müşavirədən sonra vəsatətin təmin edildiyini, rəy məhkəməyə təqdim olunana kimi prosesin qeyri-müəyyən vaxta təxirə salındığını elan edib.

Qeyd edək ki, iyulun 22-də keçirilən prosesdə məhkəmə tərkibi İlduzə Hacıyevanın ev dustaqlığına buraxılması barədə qərar vermişdi. Məhkəmə həmçinin İ. Hacıyevanın səhər saat 7-dən axşam saat 11-ə kimi evi tərk etməməsi, sosial şəbəkələrdən ailə üzvləri ilə ünsiyyət istisna olmaqla istifadəsinin qadağan olmasını tapşırmışdı.

Xatırladaq ki, Xəzər rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub.

O, məhkəmə zalında həbs edilib.

Hadisə ötən ilin iyun ayında paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.

İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Nəticədə 1 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilərək, ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.

Hadisələr məhkəmə işləri cinayət işləri tiktoker həbsləri yol qəzası

Mənbə: lent.az

Xəbər lenti