IMG-LOGO

"Mumiya"nın sirli döyüşçüsü illər sonra yenidən ekrana qayıdır

07 Aug 2026 12:25 4 baxış
IMG
11 0

Uzun illər sonra israilli aktyor Oded Fehr yenidən "Mumiya" filmində oynayacaq.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, aktyor yeni çəkilən filmdə Ardet Bəy obrazını bir daha canlandıracaq.

Ekran əsəri klassik trilogiyanın davamı olacaq. Filmdə Brendan Freyzer və Reyçel Vays da ilk hissələrdəki rollarını yenidən canlandıracaqlar.

Yeni "Mumiya" filminin premyerası 2027-ci il oktyabrın 15-nə planlaşdırılıb. Davamı filmin 1999-cu ildəki orijinal ekran əsərinin uğurunu təkrarlayıb-təkrarlamayacağını zaman göstərəcək. Lakin sevilən aktyorların və personajların geri dönüşü artıq film pərəstişkarları üçün ən böyük hadisələrdən birinə çevrilib.

Qeyd edək ki, 1999-cu ildə ekranlara çıxan "Mumiya" filmi dövrünün ən uğurlu macəra ekran əsərlərindən biri idi. Filmdəki personajlar qısa müddətdə milyonlarla tamaşaçının sevgisini qazanmışdı. Onlardan biri də qədim döyüşçü Ardet Bəy idi. 

Oded Fehr üçün Ardet Bəy rolu böyük kinoda əsl dönüş nöqtəsi olub. O, filmdə Misirin sirlərini əsrlər boyu qoruyan qədim medjay döyüşçülərindən birini canlandırıb. Soyuqqanlı, cəsarətli və sirli xarakteri ilə seçilən qəhrəman filmin ən gərgin səhnələrində meydana çıxaraq tamaşaçıların rəğbətini qazanıb.

Obrazın uğuru səbəbindən Oded Fehr 2001-ci ildə çəkilən "Mumiya qayıdır" filmində də eyni rolu yenidən canlandırıb. Məhz bu rolona beynəlxalq şöhrət qazandırıb və Hollivudun böyük layihələrinə yol açıb.

"Mumiya"nın uğurundan sonra aktyor həm kino, həm də televiziya layihələrində fəaliyyətini davam etdirib. O, "Resident Evil" filmlərində Karlos Oliveyranı canlandırıb. Fehr həmçinin məşhur "Charmed" ("Cadugər qadınlar") serialının son mövsümündə əsas mənfi obrazlardan biri olan Zanku rolunu oynayıb. Mənfi personaj olmasına baxmayaraq, aktyor obrazı xarizmatik və yaddaqalan etməyi bacarıb. Bundan başqa, o, "Star Trek: Discovery", "Covert Affairs" və digər seriallarda da rol alıb. Aktyor daha çox fantastika, macəra və dram janrındakı layihələrə üstünlük verib.

Hazırda 54 yaşı olan aktyor kino sənayesində fəaliyyətini davam etdirir. O, əvvəlki illərlə müqayisədə daha az ekran qarşısına çıxsa da, yaradıcılığını dayandırmayıb.

Fehr sosial şəbəkələrdə pərəstişkarları ilə əlaqə saxlayır və zaman-zaman məşhur obrazlarını xatırlayır. Bu yaxınlarda o, Ardet Bəy obrazını yenidən canlandırdığı video paylaşaraq "Mumiya"sevərlərdə nostalji hiss oyadıb. İzləyicilər illər keçməsinə baxmayaraq, aktyorun xarizmasının dəyişmədiyini bildiriblər.

Bir çox Hollivud ulduzundan fərqli olaraq, Oded Fehr şəxsi həyatını mediadan uzaq tutmağa üstünlük verir. O, uzun illərdir prodüser Ronda Tollefsonla evlidir. Cütlük bir oğul və iki qız övladı böyüdür. Aktyor ailəsi haqqında nadir hallarda danışır və diqqət mərkəzində olmaq əvəzinə sakit həyat sürməyə üstünlük verir.

film

Mənbə: lent.az

Xəbər lenti