IMG-LOGO

Cəzaçəkmə müəssisələrinə 800 kitab hədiyyə edilib

07 Aug 2026 10:04 4 baxış
IMG

Azərbaycanda cəzaçəkmə müəssisələrinə 800 kitab hədiyyə edilib.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə həyata keçirilən aksiya azadlıqdan məhrum edilmiş şəxslərin maarifləndirilməsinə yönəlib.

Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun "Hər məsciddə kitabxana" layihəsi əsasında təşkil olunan aksiya penitensiar müəssisələrin kitabxana fondlarının zənginləşdirilməsinə və məhkumların mütaliə imkanlarının genişləndirilməsinə xidmət edir.

Aksiyanın əsas məqsədi azadlıqdan məhrum edilmiş şəxslərin asudə vaxtının təşkili, mütaliəyə marağının artırılması, onların müxtəlif mövzularda ədəbiyyata çıxış imkanlarının genişləndirilməsi və maarifləndirici resurslarla təmin olunmasına töhfə verməkdir.

Layihənin icrası zamanı 4, 9, 11, 12 və 13 saylı cəzaçəkmə müəssisələrinə, həmçinin Umbakı, Şəki və Lənkəran penitensiar müəssisələrinə xüsusi kitab rəfləri və ümumilikdə 800 ədəd kitab təqdim edilib.

Təhvil verilən nəşrlər arasında din, fəlsəfə, tarix, bədii ədəbiyyat, humanitar elm sahələrinə dair kitablarla yanaşı, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə xidmət edən nəşrlər də yer alıb.

Mənbə: report.az

Xəbər lenti