IMG-LOGO

"Meta" uşaqların əqli sağlamlığına dəyən zərərə görə 567 milyon dollar ödəməli olacaq

07 Aug 2026 05:54 4 baxış
IMG

ABŞ-nin Nyu-Meksiko ştatının məhkəməsi feysbuk və instaqram sosial şəbəkələrinin sahibi "Meta" şirkətinə yetkinlik yaşına çatmayan istifadəçilərinin əqli sağlamlığına dəyən zərərə görə 567 milyon dollar ödəməsi barədə qərar çıxarıb.

"Report"un "Reuters" və "Associated Press"ə istinadən məlumatına görə, qərar şirkətə qarşı iddianın ikinci mərhələsinin bir hissəsi olaraq verilib.

Ümumi məbləğin 420 milyon dolları uşaqlar və yeniyetmələr üçün psixoloji dəstək proqramlarının maliyyələşdirilməsinə sərf olunacaq. Qalan vəsait növbəti beş il ərzində informasiya kampaniyaları, profilaktika proqramları, risklərin müəyyən edilməsi xidmətləri və digər tədbirlər üçün ayrılıb.

Daha əvvəl məhkəmənin birinci mərhələsində hakimlər heyəti şirkətin platformalarının uşaqların əqli sağlamlığına mənfi təsirindən xəbərdar olduğunu və istifadəçiləri yetkinlik yaşına çatmayanları cinsi istismardan kifayət qədər qorumadığını müəyyən edərək "Meta" şirkətinin 375 milyon dollar cərimə ödəməsi barədə qərar çıxarıb.

Məhkəmə həmçinin "Meta" şirkətinə gənc istifadəçilər üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq etməyi, o cümlədən yeniyetmələrin feysbuk və instaqramdan istifadə vaxtını məhdudlaşdırmağı, bildirişlərə nəzarət, arzu olunmayan yetkinlərlə yetkinlik yaşına çatmayanların təmaslarına qarşı müdafiəni gücləndirməyi və süni intellekt çatbotları üzərində əlavə nəzarəti həyata keçirməyi tapşırıb.

Nyu-Meksikonun baş prokuroru Raul Torres əvvəllər "Meta" şirkətini gənc istifadəçilərdə asılılıq yaradan xüsusiyyətlər formalaşdırmaqla və uşaqları öz platformalarında istismar olunmaqdan kifayət qədər qorumamaqda ittiham edib.

"Meta" şirkəti zərərli məzmunu silmək və xidmətlərinin təhlükəsizliyini artırmaq üçün işlərini davam etdirdiyini vurğulayaraq məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.

Mənbə: report.az

Xəbər lenti