IMG-LOGO

Samir Əliyev: "Sabah" Bakıda "Orhus"u üstələməyə qadirdir"

06 Aug 2026 11:25 8 baxış
IMG

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında səfərdə Danimarkanın "Orhus" klubuna (1:2) məğlub olmasına baxmayaraq, "Sabah" Bakıda rəqibini üstələməyə qadirdir.

Bunu "Report"a açıqlamasında Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev deyib.

O, Bakı təmsilçisinin mərhələni adlamaq şansının olduğunu diqqətə çatdırıb:

"Sabah"da keyfiyyətli və səviyyəli futbolçular cəmləşib. Ötən mövsüm Azərbaycan çempionatında "Qarabağ"ı qabaqlayaraq çempion olmaları təsadüfi deyil. Çempionlar Liqasında iki mərhələ adlayan komanda həm evdə, həm də səfərdə qələbə qazanmaqla böyük hədəflərinin olduğunu göstərdi. Bakıda bu rəqibi keçmək üçün şanslar var. Oyun göstərdi ki, "Sabah" buna qadirdir. Rəqib bir top öndədir və səfər matçına psixoloji üstünlüklə çıxacaq. Lakin "Sabah"ın yarımmüdafiə və hücum xətti çox güclüdür. Komanda istər daxili çempionatda, istərsə də beynəlxalq arenada yetərincə qol epizodları yaradır. Bakıdakı matçda fürsətlərdən maksimum istifadə etmək lazımdır".

S.Əliyev rəqibin də güclü kollektiv olduğunu qeyd edib:

"Əvvəlki rəqiblər – Uelsin TNS və Finlandiyanın "KuPS" komandaları ilə müqayisədə "Orhus" daha üstündür. Çünki uzun illər ölkə futbolunda hegemonluq edən "Kopenhagen"i geridə qoyaraq Danimarka çempionu olub. Səfər matçında "Sabah" layiqincə mübarizə apardı. Qol imkanları yaradılsa da, dəqiqlik çatmadı".

Qeyd edək ki, "Sabah" Danimarkada keçirilən oyunda "Orhus"a 1:2 hesabı ilə məğlub olub. Komandalar arasında cavab qarşılaşması avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.

Mənbə: report.az

Xəbər lenti