"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orhus" komandasını üstələmək üçün kifayət qədər gücü var.
Bunu "Report"a açıqlamasında Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis səfərdə əldə olunacaq uğurlu nəticənin cavab oyunu öncəsi böyük üstünlük verəcəyini vurğulayıb:
"Sabah"ı Danimarka çempionuna qarşı çətin oyun gözləyir. Çempionlar Liqasında zəif rəqib olmur. İlk matçın səfərdə olması səbəbindən yaxşı nəticə ilə qayıdıb, cütün taleyini doğma azarkeşlər önündə həll etmək vacibdir. Hazırda 'Sabah'ın gücünü, oturuşmuş heyətini, oyun performansını və sabitliyini nəzərə alsaq, rəqibi üstələyə bilər. Şansları 60-ın 40-a nisbətində 'Sabah'ın xeyrinə görürəm".
A.Əsədov Azərbaycan çempionunun oyuna ehtiyatlı başlamasının vacibliyini diqqətə çatdırıb:
"Səfər matçının ilk dəqiqələrində daha diqqətli, rəqibin təzyiqinə daha hazır olmaq lazımdır. Əvvəlki mərhələlərdə 'Sabah'ın səfər oyunlarının başlanğıcında çətinliklərlə üzləşdiyini görmüşük. Əsas məqsəd qarşılaşmanın ilk dəqiqələrində qol buraxmamaqdır. Ondan sonra komanda öz oyununu tapır və rəqibə istədiyi tempi diqtə edə bilir".
Qeyd edək ki, "Orhus" - "Sabah" görüşü bu gün, saat 20:30-da Ranners stadionunda start götürəcək.
Mənbə: report.az