IMG-LOGO

Dostunun üzündə siqaret söndürdü, dəfələrlə həbs olundu - Qumara görə itirilən şöhrət

05 Aug 2026 14:15 3 baxış
IMG
0 0

Bəzi futbolçular meydandakı oyunlarından çox, kənardakı davranışları ilə tarixə düşürlər. İngiltərə futbolunun ən mübahisəli simalarından biri hesab olunan Coi Barton da məhz belələrindəndır. O, istedadı ilə Premyer Liqada uzun illər oynasa da, karyerasını kölgədə qoyan saysız-hesabsız qalmaqalları ilə daha çox xatırlanır.

Lent.az-ın "Həyatın oyunçuları" rubrikasında Coi Bartonun həyat və karyerasına nəzər salacağıq.

Cinayət məhəlləsindən "Mançester Yunayted"ə uzanan yol

Coi Barton 1982-ci il sentyabrın 2-də İngiltərənin Liverpul şəhərinin Huyton qəsəbəsində dünyaya gəlib. Huyton həmin dövrdə ölkənin cinayət səviyyəsinin yüksək olduğu, sosial problemlərlə üzləşən məhəllələrindən biri kimi tanınırdı. Doğulduğu yer ailəsinin həyatına da təsirsiz ötüşməmişdi.

Barton 14 yaşında olarkən böyük qardaşı Maykl Barton irqçi motivli qətldə iştirak etdiyinə görə ömürlük həbs cəzası alıb. Bu hadisə Coinin həyatında dərin iz buraxıb. Digər qardaşı Endryu Barton da sonradan müxtəlif cinayət işlərinə görə həbs olunub. Belə bir ailə mühiti gənc futbolçunun xarakterinin formalaşmasına ciddi təsir göstərib.

Coi məktəb illərində akademik göstəriciləri ilə seçilməsə də, futbol istedadı erkən yaşlarından diqqət çəkib. O, əvvəlcə yerli komandaların heyətində çıxış edib. 14 yaşında - 1997-ci ildə "Mançester Siti" akademiyasına qəbul olunan Barton həyatının dönüş nöqtəsini yaşayıb. Burada həm texniki, həm də fiziki cəhətdən inkişaf edərək qısa müddətdə klubun ən perspektivli futbolçularından birinə çevrilib.

2002-ci ildə əsas komandada debüt edən yarımmüdafiəçi aqressiv oyun tərzi, yüksək döyüşkənliyi və liderlik xüsusiyyətləri ilə diqqət çəkib. 2007-ci ilədək bu klubun formasını geyinib.

2007–2011-ci illərdə "Nyukasl"da çıxış edib. 2011-ci ildə "Queens Park Reyncers"ə transfer olunan yarımmüdafiəçi 2015-ci ilə qədər bu komandanın futbolçusu olub.

2012–2013-cü illər mövsümündə icarə əsasında Fransanın "Marsel" klubunda çıxış edib. Barton 2015–2016-cı illərdə "Bernli"də oynayıb.  2016–2017-ci illərdə Şotlandiyanın "Reyncers" klubunun şərəfini qoruyub. 2017-ci ildə yenidən "Bernli"yə qayıdan futbolçu elə həmin il peşəkar karyerasını başa vurub. O, həmçinin 2007-ci ildə İngiltərə millisinin heyətində yeganə oyununa çıxıb. 

Futbolçu karyerasını zədələyən xarakter

2004-cü ildə "Mançester Siti"nin Milad şənliyində Barton sərxoş vəziyyətdə komanda yoldaşı və dostu Ceymi Tandin üzünə yanan siqareti basıb. Hadisə İngiltərə mətbuatında böyük səs-küy yaradıb. Klub onu cərimələyib və ictimaiyyət qarşısında üzr istəməyə məcbur edib.

Şöhrətin zirvəsindən həbsxanaya

2007-ci ilin dekabrında Liverpul şəhərində gecə klubundan çıxarkən iki nəfərə hücum etdiyi görüntülər təhlükəsizlik kameralarına düşüb. Məhkəmə onu təqsirli bilərək 6 ay həbs cəzası verib. Barton cəzanın böyük hissəsini həbsxanada çəkib.

Eyni ildə "Mançester Siti"nin məşqi zamanı gənc futbolçu Ousmane Dabonu yumruqlayıb. Dabo üz nahiyəsindən xəsarət alıb. Barton buna görə həm klubdan uzaqlaşdırılıb, həm də məhkəmə qarşısına çıxarılıb.

Qumar qalmaqalı ilə zədələnən futbol həyatı

2012-ci ildə "Mançester Siti" – "QPR" oyununda Barton əvvəlcə Karlos Tevesə dirsək atıb qırmızı vərəqə alıb. Meydanı tərk edərkən Serxio Aqueroya təpik atmağa, Vensan Kompanini başla vurmağa cəhd edib. Bu davranışına görə İngiltərə Futbol Assosiasiyası onu 12 oyunluq diskvalifikasiya edib.

2017-ci ildə məlum olub ki, Barton illər ərzində futbol oyunlarına 1200-dən çox mərc edib. İngiltərə Futbol Assosiasiyası bunu ciddi qayda pozuntusu hesab edərək onu 18 ay futboldan uzaqlaşdırıb. Sonradan cəza 13 aya endirilsə də, Barton peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Təkrarlanan cərimələr

Futbolu bitirdikdən sonra məşqçiliyə başlayan Barton əvvəlcə "Flitvud Taun", daha sonra "Bristol Rovers" klubunu çalışdırıb. Lakin burada da qalmaqallar onu izləyib. Hakimlər, jurnalistlər və rəqib məşqçilərlə sərt mübahisələri səbəbindən dəfələrlə cərimələnib.

Son illərdə Bartonun qadın futbolu ilə bağlı təhqiramiz paylaşımları, televiziya ekspertlərini hədəfə alması və müxtəlif ictimai şəxslərlə açıq mübahisələri də geniş müzakirələrə səbəb olub. Onun bəzi açıqlamaları İngiltərədə ciddi tənqid olunub və hüquqi çəkişmələrə yol açıb.

"Premyer Liqanın ən dəli futbolçularından biri"

Rəsmi statistikaya görə Coi Barton klub karyerasında 435 oyuna çıxıb. Buna baxmayaraq o, qalmaqalları ilə daha çox yadda qalıb. Futbol tarixinin ən sərt oyunçularından biri hesab olunur. Karyerası ərzində 100-dən çox sarı və 10-dan çox qırmızı vərəqə alıb. Bu göstərici onu futbol tarixinin ən sərt futbolçularından birinə çevirib. İngiltərə mətbuatı onu dəfələrlə "Premyer Liqanın ən dəli futbolçularından biri" adlandırıb.

Joey Barton Həyatın oyunçuları futbolçu qalmaqal həbs qumar

Mənbə: lent.az

Xəbər lenti