IMG-LOGO

Valdas Dambrauskas: "Sabahkı matçda "Orhus"a qalib gəlmək istəyirik"

04 Aug 2026 21:27 5 baxış
IMG

"Sabah" komandası səfərdə öz gücündən istifadə edərək Danimarka təmsilçisi "Orhus"a qalib gəlməyə çalışacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas "Orhus"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan əvvəl deyib.

Mütəxəssis güclü rəqibə qarşı çıxış edəcəklərini bildirib:

"Danimarkada olduğumuza görə çox şadıq. Hər məşqçinin arzusudur ki, ən azı Çempionlar Liqasında bu mərhələyə qədər gəlib çıxa bilsin. Sabahkı qarşılaşmaya çox yaxşı hazırlaşmışıq. Rəqibimizi çox yaxşı təhlil etmişik. Rəqib komanda çox keyfiyyətli futbolçulardan təşkil olunub. Rəqibin zəif və güclü tərəflərini bilirik. Çalışacağıq ki, öz gücümüzdən istifadə edək və səfərdə qələbə qazanaq. İnanıram ki, futbolçularım ən xırda tapşırığı belə düzgün icra edəcəklər".

O, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsindəki potensial rəqiblər barədə də danışıb:

"Çempionlar Liqasındakı potensial rəqibləri də artıq tanıyırıq. Lakin onlar barədə indi danışmağın mənası yoxdur. Hazırda bütün fikrimizi "Orhus"la matça yönəltmişik. Rəqibə hörmətlə yanaşırıq. Onlar Danimarka çempionudurlar".

V. Dambrauskas "Sabah"dan ayrılaraq İsveçrənin "Bazel" klubuna transfer olunan Aaron Maludaya təşəkkür edib:

"Bu futbolçu çox gənc yaşlarında bizim sıralarımıza qoşuldu və komandaya böyük köməyi dəydi. Təbii ki, bu kömək qarşılıqlı idi. Çünki Maluda "Sabah" komandasının sayəsində "parladı". Komandamız onun satışından gəlir əldə etdi. Son olaraq Kristian Nvaçukvunu transfer etdik. Bu da onu göstərir ki, "Sabah"ın skaut heyəti çox sürətli və lazımi formada işləyir".

Qeyd edək ki, "Orhus" - "Sabah" matçı sabah Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək. Komandalar arasında cavab matçı avqustun 11-də saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.

Mənbə: report.az

Xəbər lenti