Gürcüstan və Asiya İnkişaf Bankı (ADB) arasında Tbilisi dolama yolunun tikintisi üçün 250 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.
Sazişi Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və Asiya İnkişaf Bankının Gürcüstandakı Daimi Nümayəndəliyinin direktoru Lesli Birman Lam imzalayıblar.
Məlumata görə, layihə çərçivəsində Tbilisi dolama yolunun təxminən 18,9 kilometr uzunluğunda, dörd hərəkət zolağından ibarət orta hissəsi inşa ediləcək. Ayrılan vəsait layihənin 4-cü lotu (Tbilisi Beynəlxalq Hava Limanı–Loçini) və 5-ci lotu (Loçini–Rustavi) üzrə tikinti işlərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Nazirlik bildirir ki, layihənin həyata keçirilməsi paytaxtda nəqliyyatın hərəkətinin yüngülləşdirilməsinə, tranzit daşımalarının təhlükəsizliyinin artırılmasına və Gürcüstanın beynəlxalq nəqliyyat dəhlizlərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə xidmət edəcək.
Layihə Gürcüstanın İnfrastruktur Nazirliyi yanında Avtomobil Yolları Departamenti tərəfindən icra ediləcək.
Mənbə: report.az