IMG-LOGO

Avtomobil yanğınlarının SƏBƏBLƏRİ: sürücülər nəyə diqqət etməlidir?

04 Aug 2026 12:53 4 baxış
IMG
0 0

Azərbaycanda da tez-tez oxuduğumuz xəbərlərdən biri avtomobillərin yanmasıdır. Xüsusən Bakıda intensiv yollarda nəqliyyat vasitələrinin yanması barədə xəbər yayılır ki, bu da həmin yolda tıxaca, ağır hallarda isə ölüm yaxud xəsarətə səbəb olur.

Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, minik avtomobillərində baş verən yanğınların əksəriyyəti nəqliyyat vasitəsinin texniki vəziyyəti ilə birbaşa bağlıdır.

Mütəxəssis Roman Timaşovun sözlərinə görə, avtomobillərdə yanğının ən geniş yayılmış səbəbi elektrik sistemində baş verən qısaqapanmadır. Vaxt keçdikcə naqillərin izolyasiyası quruyaraq çatlayır, kontaktlar isə oksidləşir və boşalır.

Ekspert qeyd edib ki, siqnalizasiya, audio sistem və ya mühərrikin əvvəlcədən qızdırılması üçün avadanlıqların peşəkar olmayan şəkildə quraşdırılması da yanğın riskini əhəmiyyətli dərəcədə artırır.

Bundan başqa, standart olmayan qoruyuculardan və qış aylarında kustar üsulla hazırlanmış qızdırıcılardan istifadə qısaqapanma və yanğın ehtimalını yüksəldir.

Roman Timaşovun sözlərinə görə, ikinci ən geniş yayılmış səbəb yanacaq sistemində hermetikliyin pozulmasıdır. Şlanq və boru birləşmələrində yaranan sızmalar nəticəsində benzin yaxud mühərrik yağı mühərrikin, ya da egzoz kollektorunun qızmış hissələrinə düşərək kiçik qığılcımdan belə alışa bilər.

O bildirib ki, rezin boruların və şlanqların köhnəlməsi də çatların yaranmasına və sızmalara səbəb olur. Belə halların qarşısını almağın yeganə yolu avtomobilin texniki vəziyyətini mütəmadi yoxlatdırmaqdır.

Mütəxəssis deyib ki, yanacaq sisteminin hermetikliyi və xüsusilə mühərrik bölməsindəki naqillərin izolyasiyası daim nəzarətdə saxlanılmalıdır.

Ekspert həmçinin avtomobilin salonunda və ya kapot altında kip bağlanmayan qabda yanacaq-sürtkü materialları və digər tezalışan maddələrin saxlanılmasının təhlükəli olduğunu bildirib.

Roman Timaşov əlavə edib ki, hər bir avtomobildə işlək vəziyyətdə olan yanğınsöndürən balon olmalı və sürücü ondan düzgün istifadə qaydasını bilməlidir.

sosial xəbərlər yanğın avtomobil

Mənbə: lent.az

Xəbər lenti