Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ölkənin Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edə bilər.
"Report" xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən "RBK-Ukrayna" məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, R.Umerovun namizədliyi onun beynəlxalq əlaqələr və xarici siyasət fəaliyyəti sahəsindəki təcrübəsinə əsaslanaraq nəzərdən keçirilir.
"Bu, Umerovun təcrübəsinə uyğun fəaliyyət sahəsidir - daim xüsusi beynəlxalq əlaqələr, xarici fəaliyyət, silah və beynəlxalq istiqaməti özündə birləşdirən struktur. Burada həmçinin ballistik raketlərə qarşı koalisiya, pilotsuz uçuş aparatları ilə bağlı sazişlər və digər istiqamətlər üzrə bütün işləri "praktiki müstəviyə keçirmək" üçün əsas baza mövcuddur", - mənbə bildirib.
Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur.
Daha əvvəl Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin bildirmişdi ki, R.Umerov Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi postunu tərk edəcək. D.Litvinin sözlərinə görə, R.Umerovun gələcək təyinatı Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrı bir söhbətin mövzusu olmalıdır.
Mənbə: report.az