Ələt Azad İqtisadi Zonası (AİZ) və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) Hökumətlərarası Komissiyasının Daimi Katibliyi birgə işin əsas istiqamətlərini müəyyən edəcək Anlaşma və Əməkdaşlıq Memorandumunun imzalanması imkanını nəzərdən keçirir.
"Report" TRACECA-ya istinadən xəbər verir ki, müzakirələr TRACECA-nın baş katibi Jasurbek Çoriyevin Ələt AİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərovla görüşü çərçivəsində baş tutub.
Bundan əlavə, tərəflər TRACECA və Ələt AİZ İdarəsi arasında praktiki qarşılıqlı əlaqənin qurulmasına dair perspektivləri müzakirə ediblər.
Danışıqlar zamanı tərəflər praktiki qarşılıqlı əlaqənin qurulmasına və TRACECA marşrutu ilə daşınan yüklərin növləri və xarakteri barədə müntəzəm məlumat mübadiləsinə xüsusi diqqət yetiriblər. Bu, yük axınlarının şəffaflığını artırmağa, dəhlizin potensialını daha dəqiq qiymətləndirməyə və investorlar, daşıyıcılar, həmçinin yük sahibləri üçün sərfəli təkliflər formalaşdırmağa imkan verəcək.
Baş katib TRACECA-nın Avropa-Qafqaz-Asiya dəhlizi çərçivəsində nəqliyyat prosedurlarının sadələşdirilməsi və multimodal daşımaların təşviqi üzrə təşəbbüslərini təqdim edib. Xüsusilə qeyd olunub ki, TRACECA-nın iştirakçı ölkələri dəhliz marşrutu üzrə layihələrin həyata keçirilməsinə özəl sektorun cəlb edilməsi üçün platforma rolunu oynamalı olan TRACECA İşgüzar Şurasının əsas müddəaları, həmçinin TRACECA Korporativ Tərəfdaşlıq Proqramı üzərində ardıcıl işlər aparırlar.
Görüşün yekunlarına əsasən, tərəflər regionun nəqliyyat-logistika potensialının inkişafına yanaşmaların oxşarlığını təsdiqləyiblər.
Xatırladaq ki, Ələt Azad İqtisadi Zonası Bakı Beynəlxalq Dəniz Limanının yaxınlığında, "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Təsdiq edilmiş baş planla iqtisadi zona 719 hektarı əhatə edir. Ümumilikdə Ələt AİZ üçün təxminən 6 500 hektar ərazi ayrılıb, 1 000 hektardan çox ərazi isə gələcək genişlənmə işləri üçün ehtiyatda saxlanılıb.
Zonanın ərazisində avtomobil nəqliyyatı ilə daşınan illik 500 min ton yük buraxılış qabiliyyətinə malik 5 hektar sahəsi olan logistika mərkəzi fəaliyyət göstərir, həmçinin dəmir yolu infrastrukturuna çıxış təmin edilib.
Burada yeni beynəlxalq hava limanının tikintisi davam etdirilir: yük və biznes terminallarının 2027-ci ilin birinci rübündən gec olmayaraq istifadəyə verilməsi planlaşdırılır. İlkin mərhələdə terminalların illik 500 min ton yük buraxılış qabiliyyətinə malik olması, daha sonra isə bu göstəricinin ildə 1,5 milyon tona çatdırılması nəzərdə tutulur.
Mənbə: report.az