IMG-LOGO

CONCACAF İnfantinonun FIFA-nın rəhbəri postunda qalmasını istəmir

01 Aug 2026 21:14 4 baxış
IMG

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) Canni İnfantinonun Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti postunda qalmasının məqsədəuyğunluğu məsələsini nəzərdən keçirməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə CONCACAF məlumat yayıb.

Təşkilatdan xatırladıblar ki, son günlər İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması təşəbbüsünü irəli sürüb, lakin sonradan tənqidlər fonunda bu ideyadan imtina edib.

"Son günlərin hadisələri artıq gözardı edilməsi mümkün olmayan bir şeyi aşkara çıxardı: dünya futbolunun ən böyük aktivi olan dünya çempionatının gələcəyi hər hansı müəyyən edilmiş idarəetmə sistemindən kənarda, şəffaflıq, məsləhətləşmələr və ya lazımi proses olmadan irəli sürülürdü", - bəyanatda bildirilir.

CONCACAF hesab edir ki, baş verənlər FIFA-nın idarəetmə sistemindəki problemlərdən xəbər verir və təşkilatın rəhbərliyinin tam qiymətləndirilməsi zəruridir. Konfederasiyanın fikrincə, bu narahatlığı digər futbol birlikləri, milli assosiasiyalar və futbol ictimaiyyətinin nümayəndələri də bölüşürlər.

Bəyanatda həmçinin vurğulanır ki, FIFA özəl şirkət deyil, dünya futbolunun maraqları naminə fəaliyyət göstərən bir təşkilatdır, buna görə də onun rəhbərliyi öz qərarlarına görə məsuliyyət daşımalıdır.

Daha əvvəl İnfantino FIFA-nın ən böyük kişi və qadın turnirlərinin kommersiya hüquqlarını idarə etməli olan "FIFA Forward Enterprise" şirkətinin yaradılmasını təklif edib. Təşkilatın qiymətləndirməsinə görə, layihə təxminən 4,2 milyard dollar cəlb edə bilərdi, lakin təşəbbüs futbol federasiyaları və konfederasiyaları tərəfindən kəskin tənqidlərə səbəb olub.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) da layihənin əleyhinə çıxış edib. Təşəbbüsdən imtina edildikdən sonra UEFA-da bildiriblər ki, FIFA rəhbəri kimi İnfantinoya etimadı itiriblər. "The Telegraph"ın məlumatına görə, Avropa təşkilatı o, postunu könüllü tərk etməyəcəyi təqdirdə etimadsızlıq votumu ifadə etmək niyyətindədir.

Mənbə: report.az

Xəbər lenti