IMG-LOGO

Yayda ən təhlükəli spirtli içki hansıdır?

31 Jul 2026 16:32 4 baxış
IMG
0 0

Yay aylarında bir çoxları sərinlənməyin ən təhlükəsiz yolunun soyuq pivə, sidr və ya şirin kokteyl içmək olduğunu düşünür. Güclü spirtli içkilərdən istidə uzaq durmağa çalışsalar da, az alkoqollu içkilər çox vaxt zərərsiz hesab edilir. Lakin psixiatr-narkoloq Anton Rudkovskinin sözlərinə görə, məhz bu içkilər ağır susuzlaşmaya və təhlükəli vəziyyətlərə səbəb ola bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, soyuq içki insanda sərinlik hissi yaratsa da, əslində susuzluğu aradan qaldırmır. Əksinə, alkoqol orqanizmdən maye itkisini daha da artırır və bu, ən təhlükəli tələlərdən biridir.

Onun sözlərinə görə, isti havada orqanizm artıq yüksək yüklənmə altında işləyir. Qan damarları genişlənir, tərləmə artır və bədən çoxlu maye itirir. Alkoqol isə bu prosesləri daha da gücləndirir. Nəticədə susuzlaşma sürətlənir, qan qatılaşır və ürək daha çox yüklənir.

"Həm yüksək temperatur, həm də alkoqolun toksiki təsiri ilə eyni vaxtda mübarizə aparan orqanizm ikiqat yük altında qalır", – deyə Rudkovski qeyd edib.

Mütəxəssis xüsusilə şirin kokteyllərin təhlükəli olduğunu vurğulayıb. Şəkər və müxtəlif dadlandırıcılar sayəsində bu içkilər asanlıqla içilir və insan nə qədər alkoqol qəbul etdiyini hiss etmir.

Günəş şüaları da riski artırır. Alkoqol insanın vəziyyəti düzgün qiymətləndirmə qabiliyyətini zəiflədir və həddindən artıq qızmanın əlamətləri gec hiss olunur.

"Bir çoxları səhhətinin pisləşməsini yalnız isti hava ilə əlaqələndirir. Halbuki həmin anda həm orqanizmin həddindən artıq qızması, həm də alkoqol intoksikasiyası inkişaf edir və bu iki vəziyyət bir-birini daha da ağırlaşdırır", – deyə Rudkovski bildirib.

Həkim əlavə edib ki, hipertoniyası, ürək-damar xəstəlikləri, şəkərli diabeti olan şəxslər və yaşlı insanlar xüsusilə ehtiyatlı olmalıdırlar. Ancaq uzun müddət günəş altında qalıb alkoqol qəbul edən gənc və sağlam insanlar da bu təhlükədən sığortalanmayıblar.

Riskləri azaltmaq üçün mütəxəssis alkoqolu susuzluğu yatırmaq vasitəsi kimi istifadə etməməyi, spirtli içkiləri su ilə növbələşdirməyi, yandırıcı günəş altında alkoqol qəbul etməməyi və içkidən sonra uzun müddət istidə qalmamağı tövsiyə edib.

"Əgər alkoqolun adi vaxtdan daha tez təsir etdiyini hiss edirsinizsə, növbəti qədəhi içməyin, kölgəyə keçin və orqanizmin itirdiyi mayeni bərpa edin", – deyə o məsləhət verib.

Rudkovski vurğulayıb ki, isti havada ən təhlükəli spirtli içki insanların artıq alkoqol hesab etmədiyi içkidir. Məhz buna görə də soyuq pivə və ya şirin kokteyl düşünüldüyündən qat-qat təhlükəli ola bilər.

sosial xəbərlər sağlamlıq sağlıq

Mənbə: lent.az

Xəbər lenti