IMG-LOGO

Merilin Monronun yaşaya bilmədiyi həyatı ilə bağlı film çəkilir

31 Jul 2026 09:52 3 baxış
IMG
0 0

Əfsanəvi aktrisa Merilin Monronun həyatı növbəti dəfə səhnələşdiriləcək.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu dəfə məşhur sarışın ulduzu Dakota Conson canlandıracaq. 

O, rejissor Meqqi Cillenholun çəkdiyi 17 dəqiqəlik “Flesh Impact” filmində Merilin Monronun şöhrətin zirvəsində olduğu dövrünü oynayacaq. İlk görüntülərdə aktrisanın platin rəngli saçları, makiyajı və Monroya xas üslubu ilə demək olar ki, tanınmaz hala düşdüyü diqqət çəkib.

Yeni qısametrajlı filmdə tamaşaçılara Monronun iki fərqli versiyası təqdim olunacaq. Filmin yaradıcıları Monronun həyatından bəhs edən ənənəvi bioqrafik ekran işi çəkmək istəməyiblər. Əvəzində əfsanəvi aktrisanın obrazına müasir və fərqli prizmadan yanaşıblar. Dakota Conson Monronu bütün dünyanın tanıdığı gənc, məşhur və milyonlarla insanın heyran olduğu qadın kimi göstərəcək.

Ekran işində 93 yaşlı Ellen Börstin də rol alıb. O, Merilin Monronun sağ olsaydı necə görünə biləcəyini əks etdirən xəyali versiyasını canlandıracaq. Beləliklə, filmdə Monronun real həyatı ilə yanaşı, heç vaxt yaşaya bilmədiyi gələcəyi də təsvir olunacaq.

Meqqi Cillenhol bildirib ki, Merilin Monronun şəxsiyyəti və kino tarixində yaratdığı təsir onu uzun illər maraqlandırıb. Rejissor ekran işini dünya kinosunun ən unudulmaz simalarından birinə ünvanlanmış sevgi məktubu adlandırıb.

“Flesh Impact” Merilin Monronun anadan olmasının 100 illiyinə həsr edilib. Ekran işi yalnız Merilin Monronun həyatından deyil, aktyorluq peşəsinin görünməyən tərəflərindən də bəhs edəcək. Filmdə aktyorların eyni anda həm güclü, həm də son dərəcə həssas ola bilmələri mövzusu ön plana çıxarılacaq. 

“Flesh Impact” filminin premyerası 2026-cı il Venesiya Beynəlxalq film festivalında keçiriləcək.

Merilin Monro Venesiya Film Festivalı film

Mənbə: lent.az

Xəbər lenti