IMG-LOGO

"Təbii Ozempic" adlandırırlar: Bu şirə çəkiyə və maddələr mübadiləsinə gözlənilməz təsir göstərir

29 Jul 2026 15:06 2 baxış
IMG
0 0

Arıqlamağa kömək edən təbii vasitələrə maraq getdikcə artır. Lif, alma sirkəsi və berberindən sonra indi də gəndalaş (elderberry) şirəsi sosial şəbəkələrdə "təbii Ozempic" kimi təqdim olunur.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki, bu müqayisə diqqət çəksə də, gəndalaş şirəsi GLP-1 agonisti preparatlar kimi təsir göstərmir və onları əvəz edə bilməz. Bununla belə, ABŞ-ın Vaşinqton Dövlət Universitetinin alimlərinin apardığı araşdırma göstərib ki, gəndalaş şirəsi maddələr mübadiləsinə və bağırsaq sağlamlığına müsbət təsir göstərə bilər.

Araşdırmada artıq çəkidən əziyyət çəkən 18 nəfər iştirak edib. Onlar bir həftə ərzində hər gün təxminən 350 millilitr gəndalaş şirəsi və ya dadı və rəngi oxşar olan plasebo qəbul edib. Bütün iştirakçılar eyni qidalanma rejiminə əməl ediblər.

Araşdırmanın sonunda gəndalaş şirəsi içənlərin bağırsaqlarında faydalı bakteriyaların sayının artdığı, zərərli hesab olunan bakteriyaların isə azaldığı müşahidə olunub. Alimlər qeyd edirlər ki, sağlam bağırsaq mikrobiomu təkcə həzmi deyil, ümumi sağlamlığı da dəstəkləyir.

Qan şəkəri və yağ yandırılmasına təsiri

Tədqiqat bağırsaq sağlamlığı ilə yanaşı, maddələr mübadiləsində də müsbət dəyişikliklər göstərib. Bir həftəlik qəbuldan sonra karbohidrat qəbulundan sonra qanda qlükozanın səviyyəsi orta hesabla 24 faiz, insulin səviyyəsi isə 9 faiz aşağı olub.

Alimlər həmçinin müəyyən ediblər ki, gəndalaş şirəsi qəbul edənlərin orqanizmi yağı enerji mənbəyi kimi daha səmərəli istifadə edib. Yağ yandırılması həm karbohidratla zəngin qidadan sonra, həm də fiziki fəaliyyət zamanı daha yüksək olub.

Sirr antosianlardadır

Tədqiqat müəlliflərinin fikrincə, bu təsirin əsas səbəbi gəndalaşın yüksək miqdarda antosian tərkibinə malik olmasıdır. Antosianlar iltihabəleyhinə, antioksidant və qanda şəkərin tənzimlənməsinə kömək edən təbii bitki birləşmələri hesab olunur. Araşdırmanın rəhbəri, Vaşinqton Dövlət Universitetinin alimi Patrik Solverson bildirib ki, gəndalaş həm qida dəyəri, həm də bazar baxımından qiyməti yetərincə bilinməyən giləmeyvədir.

Onun sözlərinə görə, digər meyvələrdə də antosianlar olsa da, gəndalaşda onların miqdarı olduqca yüksəkdir. Təxminən 180 millilitr gəndalaş şirəsində olan antosian miqdarını əldə etmək üçün dörd stəkana qədər böyürtkən yemək lazım gələ bilər.

Araşdırmalar davam edəcək

Mütəxəssislər vurğulayırlar ki, nəticələr ümidverici olsa da, tədqiqat cəmi 18 nəfər üzərində və yalnız bir həftə ərzində aparılıb. Buna görə də gəndalaş şirəsinin uzunmüddətli təsirini və kimlər üçün daha faydalı ola biləcəyini müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac var.

Alimlər gələcəkdə gəndalaşın bioaktiv maddələrinin GLP-1 qrupundan olan preparatlarla müalicəni başa vurmuş insanlarda bədən çəkisinin qorunmasına kömək edib-etmədiyini də araşdırmağı planlaşdırırlar.

Mütəxəssislər bir daha xatırladırlar ki, "təbii Ozempic" ifadəsi elmi termin deyil və daha çox mediada istifadə olunan bənzətmədir. Mövcud araşdırma yalnız gəndalaş şirəsinin maddələr mübadiləsi, bağırsaq sağlamlığı və karbohidrat mübadiləsinə müsbət təsir göstərə biləcəyini göstərir. Bu isə onun dərman preparatlarını əvəz etdiyi anlamına gəlmir.

Sağlıq təbii Ozempic arıqlama insulin

Mənbə: lent.az

Xəbər lenti