IMG-LOGO

Yeddi dəqiqəlik çıxışdan çempionluğun zirvəsinə - Azərbaycanda oynayan "qıvırcıq" kimdir?

28 Jul 2026 16:00 4 baxış
IMG
4 0

Bir vaxtlar “Barselona”da ona cəmi bir neçə dəqiqəlik şans verilib, sonralar transfer qiymətinə görə ən çox tənqid olunan futbolçulardan birinə çevrilib. Lakin o, bütün bu təzyiqləri arxada qoyaraq Avropa çempionluğuna qədər yüksəlib. Onun hekayəsi uğursuz başlanğıcdan zirvəyə gedən yolun, inadın və doğru anda verilən cəsarətli qərarların hekayəsidir.

Lent.az-ın "Həyatın oyunçuları" rubrikasında "Real"ın (Madrid, İspaniya) 27 yaşlı futbolçusu Mark Kukurellanı təqdim edəcəyik.

Alelladan başlayan futbol arzusu

Mark Kukurella Saseta 1998-ci il iyulun 22-də Barselona yaxınlığındakı Alella şəhərində dünyaya gəlib. O, zəhmətkeş və futbolu sevən ailədə böyüyüb. Atası Oskar Kukurella avtomobil satıcısı işləyib, anası isə Patrisia Saseta evdar qadın olub. Mark ailənin böyük oğludur. Atası futbolu çox sevib, həvəskar səviyyədə oynayıb və işdən qayıtdıqdan sonra saatlarla oğlu ilə top qovub.

Kukurellanın “Espanyol” akademiyasına düşməsi də atasının iş yerində baş verən təsadüfi söhbət sayəsində mümkün olub: avtomobil almağa gələn müştəri Oskara oğlunu klubun seçimlərinə aparmağı məsləhət görüb.

Futbola çox erkən yaşlarından maraq göstərən Kukurella əvvəlcə futzalla məşğul olub, daha sonra “Espanyol”un aşağı yaş qruplarına qoşulub. 2012-ci ildə, 14 yaşında olarkən “Barselona” akademiyasına keçib. “La Masiya”da topa nəzarət, mövqe seçimi və ötürmə mədəniyyətini öyrənən gənc futbolçu sonralar həmin illərin onun oyun düşüncəsini formalaşdırdığını bildirib. Ancaq dünyanın ən məşhur akademiyalarından birində yetişmək əsas komandada yer almağa zəmanət verməyib.

“Barselona”da cəmi yeddi dəqiqə

Kukurella “Barselona”nın əsas komandasında rəsmi olaraq yalnız bir görüşə çıxıb və meydanda cəmi yeddi dəqiqə keçirib. Jordi Albanın bu mövqedəki üstünlüyü və yüksək rəqabət onun əsas heyətə yolunu bağlayıb. Bir çox gənc futbolçu kimi o da böyük klubda ehtiyatda qalmaqla daha kiçik komandada müntəzəm oynamaq arasında seçim etməli olub. Bu, onun karyerasının ilk ağır zərbələrindən biri idi.

Uşaqlıq arzusunun olduğu yerdə yetişsə də, özünü həmin klubun əsas komandasında göstərə bilməyib. Lakin Kukurella “Barselona”dan ayrılmağı məğlubiyyətə yox, azadlığa çevirməyi bacarıb.

2018-ci ildə “Eybar”a icarəyə verilən müdafiəçi burada daha çox oyun vaxtı qazanıb. O, klassik sol cinah müdafiəçisi olmaqla yanaşı, yarımmüdafiədə və hücuma yaxın mövqelərdə də oynamağa başlayıb. Ardınca “Xetafe”yə keçid onun karyerasında yeni mərhələ açıb. Kukurella burada aqressiv pressinqi, sürəti və dayanmadan işləməsi ilə diqqət çəkib. “Barselona”nın sistemində artıq görünən oyunçu “Xetafe”də komandanın vacib üzvlərindən birinə çevrilib.

İngiltərədə qapalı qalan qış günləri

2021-ci ildə “Brayton”a keçən Kukurella ilk dəfə İspaniyadan kənarda yaşamağa başlayıb. Premyer Liqanın tempi və fiziki mübarizəsi ona gözlədiyindən daha ağır gəlib. Futbolçu sonradan ilk Premyer Liqa oyunundan sonra özünü pis hiss etdiyini, çox zəif oynadığını düşündüyü üçün meydanı qəzəbli və məyus tərk etdiyini danışıb.

İngiltərə futboluna uyğunlaşmaq üçün idman zalında daha çox işləməli, fiziki gücünü və qərarvermə sürətini artırmalı olub. Ailənin İngiltərədəki ilk ayları da asan keçməyib. Kukurella bildirib ki, həyat yoldaşı və iki uşağı ilə son transfer günündə ölkəyə gəliblər, ingilis dilini bilmədikləri üçün qış aylarında evdə qalmalı olublar.

“Mançester Yunayted”ə vurduğu ilk qoldan sonra ağlamasının səbəbi də həmin ağır günləri xatırlaması olub. Bununla belə, Kukurella ilk mövsümündə həm azarkeşlər, həm də komanda yoldaşları tərəfindən “Brayton”un ən yaxşı futbolçusu seçilib.

Bahalı transferdən sonra başlayan təzyiq

2022-ci ildə “Çelsi”nin ona böyük məbləğ ödəməsi gözləntiləri də kəskin artırıb. Lakin klubdakı məşqçi dəyişiklikləri, komandanın qeyri-sabit nəticələri və futbolçunun uyğunlaşma çətinliyi onun ilk mövsümünü ağırlaşdırıb. Kukurella sərt tənqidlərə məruz qalıb, bəzi azarkeşlər onu transfer qiymətinə uyğun oynamamaqda günahlandırıblar. Hətta bir müddət heyətdən kənarda qaldıqdan sonra Çempionlar Liqasında Dortmund “Borussiya”sına qarşı meydana çıxaraq uğurlu oyun göstərməsi onun üçün dönüş nöqtələrindən birinə çevrilib.

Futbolçu həmin qarşılaşmanı “Çelsi” karyerasının ən xüsusi gecələrindən biri adlandırıb. O, sonradan tənqidlərdən çıxardığı nəticəni belə ifadə edib: "yaxşı və ya pis oynamaq futbolçunun kimliyini dəyişmir; insan nə birdən-birə ən pis, nə də ən yaxşı oyunçuya çevrilir". 2024/25 mövsümü Kukurella komanda ilə UEFA Konfrans Liqasının qalibi olub. “Çelsi” finalda “Real Betis” üzərində 4:1 hesablı qələbə qazanıb, Kukurella isə həlledici qarşılaşmaya start heyətində çıxıb. Bu kubok onun London klubunda qazandığı ilk böyük titul olub.

Evinə girdilər, ailənin rahatlığı əlindən alındı

London həyatı Kukurella ailəsinə yalnız futbol çətinlikləri gətirməyib. “Çelsi”yə keçidindən sonra onların evinə oğrular girib və dəyərli əşyalar aparılıb. Ancaq ailə üçün ən ağır itki maddi olmayıb.

Kukurellanın həyat yoldaşı Klaudiya Rodriqes hadisədən sonra uşaqlarla evdə tək yatmaqdan qorxduğunu və öz evində əvvəlki rahatlığı hiss etmədiyini bildirib. Ailənin təhlükəsizlik anlayışı həmin gecədən sonra tamamilə dəyişib. Klaudiya İngiltərədəki ilk ili həm futbol, həm də ailə həyatı baxımından çox ağır dövr kimi xarakterizə edib.

Bir mesajla başlayan ailə

Kukurella ilə Klaudiya Rodriqes 2018-ci ildən birlikdədir. Onların tanışlığı sosial şəbəkədə yazışma ilə başlayıb, ilk görüşləri isə Mataroda baş tutub. Cütlüyün üç övladı var: Mateo, Rio və Bella.

Klaudiya moda və rəqs sahəsinə maraq göstərsə də, son illərdə həyatının böyük hissəsini ailəsinə və xüsusilə böyük oğlu Mateonun inkişafına həsr edib. O, deyib ki, Kukurellanın evdə sərt və aqressiv müdafiəçi obrazından əsər-əlamət qalmır. Klaudiya onu zarafat etməyi sevən, uşaqlarla oynayan və ailədə “dördüncü uşaq” kimi davranan şən ata kimi təsvir edib.

Valideynlərin ən ağır sualı: “Övladımıza necə kömək edək?”

Kukurella ailəsinin ən həssas hekayəsi böyük oğulları Mateo ilə bağlıdır. Valideynlər uşaq 13 aylıq olarkən onun digər uşaqlardan fərqli reaksiyalar verdiyini hiss ediblər. Mateo göz təması qurmur, adına reaksiya vermir və danışmağa başlamırdı. Əvvəlcə eşitmə problemi ola biləcəyi düşünülüb, hətta qulaq infeksiyaları səbəbindən əməliyyat da keçirib. Lakin sonradan Mateoya autizm diaqnozu qoyulub.

Klaudiya bu qeyri-müəyyənlik dövrünü ailənin ən ağır mərhələlərindən biri adlandırıb. Onlar üçün ən çətin məqamlardan biri oğullarının məktəbə uyğunlaşa bilməməsi olub. Mateo dərslərdə ağlayır, bir neçə saatdan sonra evə aparılmalı olurdu. Kukurella həmin vaxt övladını yaxşı vəziyyətdə görmədiklərini, amma ona necə kömək edəcəklərini də bilmədiklərini etiraf edib. Sonradan Londonda onun ehtiyaclarına uyğun məktəb tapılması ailənin həyatında müsbət dəyişiklik yaradıb. Mateonun danışmaması ailə üçün ünsiyyəti çətinləşdirsə də, valideynləri onun ehtiyaclarını davranışlarından anlamağı öyrəniblər. Klaudiyanın ən böyük arzusu oğlunun gələcəkdə xoşbəxt və mümkün qədər müstəqil yaşamasıdır.

Meydandakı saçların arxasındakı ailə hekayəsi

Kukurellanın buruq saçları illərlə onun zarafat mövzusu və vizit kartı olub. Hətta böyüdüyü məhəllədə də ona "qıvırcıq" deyə müraciət edənlər olub. Saçlarını hələ uşaqlıqdan uzatması ilə bağlı müxtəlif  hekayələr yayılsa da, son illərdə bu görünüş ailəsi üçün daha emosional məna qazanıb.

Məlumata görə, futbolçu saçlarını meydanda açıq saxlayır ki, Mateo böyük stadionda və ya televiziya ekranında atasını daha rahat seçə bilsin. Beləcə, milyonlarla azarkeşin əyləncəli detal kimi gördüyü saçlar ata ilə oğul arasında tanışlıq işarəsinə çevrilib.

Avropa çempionluğundan sonra qırmızı saçlar

Kukurella İspaniya millisinin əsas üzvlərindən birinə çevriib. Finalda İngiltərəyə qarşı həlledici qolun ötürməsini verib və İspaniya ilə Avropa çempionu olub. Turnirdən əvvəl onun əsas heyətdə yer alacağına şübhə edənlər çox idi. Lakin Kukurella meydandakı enerjisi və sabit oyunu ilə tənqidlərə cavab verib. Çempionluqdan sonra verdiyi sözə əməl edərək saçlarını qırmızı rəngə boyaması isə onun ən yadda qalan görüntülərindən birinə çevrilib.

Dünya çempionu kimi “Real”a

2026-cı ilin yayında Kukurella “Çelsi”dən ayrılaraq “Real” ilə altı illik müqavilə imzalayıb. Transfer rəsmi olaraq iyunun 15-də açıqlanıb və müqavilənin 2032-ci ilin yayına qədər qüvvədə olacağı bildirilib. 

Bu keçidin simvolik tərəfi də var: “Barselona” akademiyasında yetişib əsas komandada cəmi yeddi dəqiqə oynayan uşaq illər sonra “Real”ın futbolçusu kimi İspaniyaya qayıdıb. O, yeni klubuna dünya çempionu kimi qoşulub. İspaniya millisinin 2026-cı il Dünya çempionatında iştirak edən müdafiəçi turnirin qalibi olub.

Bakıda “Qarabağ”a qarşı: Kukurellanın Azərbaycanla bağlı oyunu

Kukurellanın karyerasında Azərbaycan futbolu ilə bağlı maraqlı məqam da var. O, 2025-ci ilin noyabrında Bakıda keçirilən “Qarabağ”–“Çelsi” oyununda London klubunun start heyətində meydana çıxıb. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan Çempionlar Liqası qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.

Kukurellanın əsl qələbəsi 

Onun karyerasında böyük məbləğli transferlər, Avropa və dünya çempionluğu, Londonun parlaq stadionları var. Ancaq Kukurellanın həyat hekayəsini fərqləndirən əsas məqam uğurdan çox, uğursuzluqlara verdiyi reaksiyadır.

“Barselona”da yol tapa bilməyəndə geri çəkilməyib. İngiltərədə özünü tənha hiss edəndə dili və futbolu yenidən öyrənib. Tənqidlər artanda meydanda daha çox işləyib. Ailəsi qorxu və qeyri-müəyyənliklə üzləşəndə isə ata kimi məsuliyyəti önə keçirib. Bu gün uzun saçlı müdafiəçinin ən böyük mübarizəsi rəqib hücumçularla deyil.

Onun ən vacib məqsədi Mateo, Rio və Bellanın təhlükəsiz, xoşbəxt böyüməsidir. Bəlkə də elə buna görə Kukurella üçün həyatın ən böyük kuboku stadionda deyil, hər oyundan sonra onu gözləyən ailəsinin yanındadır.

futbolçu Mark Kukurella Həyatın oyunçuları rubrikası

Mənbə: lent.az

Xəbər lenti