Uşağınız hər axşam yatmaq istəmir, naz edir, su istəyir, acdığını deyir və ya bir cizgi filminə də baxmaq istəyir? Bu vəziyyət bir çox valideyn üçün tanışdır. Mütəxəssislərin fikrincə, sakit şəkildə yuxuya getməyin sirri hər gün təkrarlanan axşam rituallarındadır. Eyni hərəkətlərin müntəzəm təkrarlanması uşağın beynini yuxuya hazırlaşmağa kökləyir.
Lent.az bu 4 ritualı təqdim edir:
1. Yatmazdan 40 dəqiqə əvvəl ilıq vanna
İlıq su əzələlərin boşalmasına kömək edir və uşağı rahatlaşdırır. İmkan varsa, vannaya az miqdarda lavanda tərkibli uşaq məhsulları əlavə etmək sakitləşdirici təsiri artıra bilər.
2. İşıqları zəiflədin və ekranları söndürün
Yatmağa ən azı bir saat qalmış televizor, telefon və planşetdən istifadə dayandırılmalıdır. Mütəxəssislər bildirirlər ki, ekranlardan yayılan mavi işıq yuxu hormonu olan melatoninin ifrazını azaldır və uşağın yuxuya getməsini çətinləşdirir.
3. Hər axşam eyni nağılı oxuyun
Yatmazdan əvvəl nağıl oxumaq uşağı sakitləşdirən ən təsirli üsullardan biridir. Eyni nağılın hər axşam təkrarlanması uşağın beynində yuxu ilə bağlı müsbət assosiasiya yaradır və onun daha rahat yuxuya getməsinə kömək edir.
4. Qucaqlayın və enerjisini çıxarmasına imkan verin
Mütəxəssislər maraqlı bir üsul da tövsiyə edirlər. Əvvəlcə uşağınızı təxminən 5 dəqiqə qucaqlayın. Daha sonra ona yatağın üzərində bir dəqiqə tullanmağa icazə verin. Bu, gün ərzində qalan enerjinin sərf olunmasına kömək edir. Bundan sonra belini yüngülcə sığallayın. Bu ardıcıllıqdan sonra bir çox uşaq 5-10 dəqiqə ərzində yuxuya gedə bilir.
Yatmazdan əvvəl bunları etməyin
Yuxudan əvvəl aktiv oyunlar oynamaq, şirniyyat yemək, qorxulu hekayələr danışmaq və ya ailədaxili mübahisələr uşağın sakitləşməsinə mane olur. Mütəxəssislər yuxunu cəza vasitəsinə çevirməməyi də tövsiyə edirlər. "Sözə baxmasan, yatmağa göndərəcəyəm" kimi ifadələr uşağın yuxuya qarşı mənfi münasibət formalaşdırmasına səbəb ola bilər. Uşaq üçün yuxu təhlükəsizlik və rahatlıq hissi ilə əlaqələndirilməlidir.
Bu rituallara neçə aylıqdan başlamaq olar?
Mütəxəssislərin fikrincə, bu cür axşam rituallarını 6 aylıqdan tətbiq etmək mümkündür. Nə qədər erkən başlanarsa, uşağın bu vərdişə alışması bir o qədər asan olur.
Uşaq gecə oyanarsa nə etmək lazımdır?
Uşaq gecə yuxudan ayıldıqda otağın işığını yandırmamaq, onu sakitcə qucaqlamaq və ya sığallamaq tövsiyə olunur. Bu zaman cizgi filmi açmaq və ya telefon vermək düzgün hesab edilmir. Çünki bu, uşağın yenidən oyanıq qalmasına səbəb ola bilər. Valideynlər hər axşam eyni ardıcıllıqla sadə rituallar tətbiq etsələr, bir neçə gün ərzində uşaq bu qaydaya uyğunlaşa bilər. Mütəxəssislər bildirirlər ki, müntəzəm axşam ritualı uşağın 10-15 dəqiqə ərzində daha sakit yuxuya getməsinə kömək edə və valideynlərə axşam saatlarında daha çox sərbəst vaxt qazandıra bilər.
Uşaq uşaq yuxusu valideyn məsləhəti uşaq tərbiyəs yuxu rejimiMənbə: lent.az