Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə ölümə cəhddə təqsirləndirilən Nicat Ələsgərovun cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən N. Ələsgərov özünü qismən - ağır xəsarət yetirdiyinə görə təqsirli bildiyini deyib.
Növbəti proses 11 sentyabr saat 14:00-a təyin olunub.
Xatırladaq ki, Nicat Ələsgərov 23 may 2026-cı ildə Xətai rayonunun Məhəmməd Hadi küçəsində yerləşən yaşayış binasının qarşısında əhalinin dincliyini pozmaqla, nalayiq sözlər işlətməklə yüksək səslə danışıb. Bu zaman Rəvan Çırpanov ona xəbərdarlıq edib. Nicat Ələsgərov Rəvan Çırpanovu binanın içinə çəkərək özündə gəzdirdiyi mətbəx bıçağı ilə onu bıçaqlayıb. Hadisə yerindəki digər şəxs Nicat Ələsgərovun əlindən tutaraq onu saxlayıb və o digər zərbələri vura bilməyib. Çırpanov Sabunçu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı cinayət işi qaldırılıb, Nicat Ələsgərova 29. 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
HadisələrMənbə: lent.az