Yay mövsümünün gəlişi və havaların isinməsi ilə bir çox qadın yüngül, rahat və baxımı asan saç düzümlərinə üstünlük verməyə başlayır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı ilin yayının ən dəbli saç kəsimi "biksi" (bixie) olub. Bu model həm gündəlik həyatda, həm də dünya ulduzlarının qırmızı xalça obrazlarında ən çox seçilən trendlərdən birinə çevrilib.
90-cı illərin məşhur trendi yenidən dəbdədir
"Biksi" saç kəsimi yeni trend deyil. O, ilk dəfə 1990-cı illərdə böyük populyarlıq qazanıb. Həmin dövrdə aktrisalar Meq Rayan, Kemeron Dias, Holli Berri və Dryu Berrimor bu saç düzümü ilə trend yaradan məşhurlar sırasında olublar. Bu modelə maraq 2021-ci ildən yenidən artmağa başlayıb. Bunun əsas səbəbi isə 90-cı illərin dəbinin geri qayıtmasıdır.
Düz kəsimli cinslər, kombinezonlar, tie-dye naxışları, bayker çəkmələri və çokerlər kimi elementlərlə yanaşı, "biksi" də müasir dəbin əsas simvollarından birinə çevrilib. Müasir versiyası əvvəlkindən fərqli olaraq daha zərif, səliqəli və müxtəlif saç tərtibatlarına imkan verir.
"Biksi" nədir?
Saç düzümünün adı onun iki məşhur modelin – "bob" və "pixie" saç kəsimlərinin birləşməsindən yarandığını göstərir. Bu model uzunluq baxımından hər iki variantın arasında yerləşir və onların üstün cəhətlərini özündə birləşdirir.
"Pixie", "bob" və "biksi" arasındakı fərq
Pixie - ən qısa saç kəsimlərindən biridir. Ənsə hissəsi demək olar ki, tam qısaldılır və saçları hətta kiçik at quyruğu şəklində belə toplamaq mümkün olmur.
Bob - klassik model hesab olunur və adətən saçın uzunluğu çənəyə, bəzən isə çiyinlərə qədər çatır.
Biksi isə bu iki model arasında yerləşir. Saç uzunluğu qulaq seyvanı ilə çənə arasındakı hissədə olur. Təpə hissəsində saçlar nisbətən uzun saxlanıldığı üçün onları arxaya yığmaq, yan və ya düz ayrım vermək, eləcə də müxtəlif formalı çəngəllərlə tamamlayaraq fərqli görünüş yaratmaq mümkündür. Bu modeldə də "pixie" kimi çoxsaylı qısa qatlar istifadə olunur ki, bu da saça həcm və struktur verir.
"Biksi" saç kəsiminin ən populyar 6 növü
Stilistlər bu saç düzümünün altı əsas variantını fərqləndirirlər:
Klassik "biksi" - uzanmış "pixie" görünüşünü xatırladır, qısa qatlar və həcmli teksturaya malikdir.
Teksturalı "biksi" - qatlı və dağınıq görünüş hesabına daha rahat və dinamik obraz yaradır.
Çolka ilə "biksi" - yüngül və ya sıx çolka sayəsində üz cizgilərini fərqli göstərir.
"Undercut" üslublu "biksi" - yan hissələri çox qısa və ya qırxılmış, üst hissəsi isə uzun saxlanılan cəsarətli modeldir.
Hamar və zərif "biksi" - səliqəli forması ilə üz xətlərini ön plana çıxarır.
"Wolf-biksi" - "şeggi" və "mallet" üslublarını qısa "biksi" ilə birləşdirərək rok üslubunda görünüş yaradır.
Kimlər üçün uyğundur?
"Biksi"nin ən böyük üstünlüyü onun demək olar ki, bütün saç tiplərinə uyğun olmasıdır. Bu model düz, dalğalı, buruq, qalın və nazik saçlarda uğurla tətbiq oluna bilir. Xüsusilə nazik saçlı qadınlar üçün ideal seçim sayılır. Çünki çoxqatlı quruluş saçlara daha gur və həcmli görünüş verir. Peşəkar stilist saç qatlarının uzunluğunu və çolkanın formasını insanın üz quruluşuna uyğun şəkildə tənzimləyə bilər.
Baxımı necə olmalıdır?
"Biksi" gündəlik uzunmüddətli fen və ya mürəkkəb saç düzümü tələb etmir. Saçı yuduqdan sonra fenlə qurulamaq kifayətdir. İstəyə görə üst telləri düzləşdirici və ya burucu alətlə yüngül formada düzəltmək olar. Həcmi qorumaq üçün yüngül teksturlaşdırıcı sprey və ya quru şampundan istifadə tövsiyə olunur. Daha ifadəli tekstura yaratmaq istəyənlər isə saç üçün yüngül mum və ya pomadadan istifadə edə bilərlər. Bu saç modelinin yeganə mənfi cəhəti onun formasını qorumaq üçün saç ustasına mütəmadi müraciət etməyin vacib olmasıdır. Stilistlər saçın uzanma sürətindən asılı olaraq hər 3-6 həftədən bir saç kəsimini yeniləməyi məsləhət görürlər.
Dəb bixsi saç kəsimi




Mənbə: lent.az