Odessa sahilləri yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalan yük gəmisinin azərbaycanlı kapitanının taleyi hələ də naməlumdur.
Lent.az Shippingtelegraph.com-a istinadən xəbər verir ki, Türkiyə şirkətinə məxsus, Tanzaniya bayrağı altında üzən mülki yük gəmisi iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində Ukraynanın Odessa sahilləri yaxınlığında pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Məlumata görə, gəminin heyətində olan 11 nəfər Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşı olan kapitan istisna olmaqla, bütün ekipaj üzvləri Odessaya təxliyə edilib. Onların səhhətinin qənaətbəxş olduğu bildirilir.
Hazırda itkin düşən kapitanın tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Azərbaycanın Ukraynadakı səfirliyi məsələ ilə bağlı yerli aidiyyəti qurumlarla daim əlaqə saxlayır və Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi üçün tədbirlər görür.
Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes də son günlər Qara dəniz və Azov dənizi hövzəsində beynəlxalq ticarət gəmilərinə qarşı hücumların yenidən artmasından narahatlığını ifadə edib.
O bildirib ki, dünya ictimaiyyətinin diqqəti hazırda Hörmüz boğazındakı vəziyyətə yönəlsə də, digər bölgələrdə dənizçilərin ciddi təhlükə ilə üzləşdiyi unudulmamalıdır.
Baş katib münaqişə tərəflərini mülki ticarət gəmilərinin, dənizçilərin və dəniz mühitinin təhlükəsizliyini riskə atan hərəkətlərdən çəkinməyə çağırıb.
Odessa Ukrayna Azərbaycan azərbaycanlı kapitan PUA hücumu Qara dəniz gəmi IMO Arsenio Dominqes Türkiyə şirkəti
Mənbə: lent.az