IMG-LOGO

Dəniz niyə hər il can alır? - "Qaydaları pozanlar cərimələnsin"

02 Jul 2026 14:13 4 baxış
IMG
1 0

Qış fəslində dəm qazları can aldığı kimi yayda bu yeri çimərliklər tutur. Hər il onlarla insan dənizdə, göldə, çayda, arxda və kanallarda boğulur, dünyasını dəyişir.

Bəs görəsən, bu faciələrin sayı niyə azalmır? Boğulmanın əsas səbəbləri nədir? Ümumiyyətlə, bu halların qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlərə ehtiyac var?

Təhlükəsizlik eksperti Orxan Musayev Lent.az-a açıqlamasında bildirib ki, çimərlikdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru səbəbindən baş verir:

“Qarşısı alına biləcək səhvlər ucbatından insanlar təhlükəli vəziyyətlə üz-üzə gəlirlər. Dəniz diqqəti cəlb edən istirahət məkanı olsa da, bu gözəllik qəfil anda təhlükəyə çevirilə bilər. Bəzən insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəflərini unudurlar. Təəssüf ki, hələ də spirtli içki qəbul edib, suya daxil olmaq, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək adi davranış hesab olunur.

İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki o çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları fəaliyyət göstərirlər. Hərhansısa hadisə baş verdikdə onlar çevik müdaxilə edə bilirlər. Nəzarətsiz çimərliklərdə isə xilasedici xidmət olmadığına görə fövqaladə halda insan həyatını xilas etmək mümkün olmur.

Dənizə girməmişdən əvvəl dalğaların hündürlüyü, hava şəraiti, küləyin gücü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə, meteoroloji amillərin təsiri ucbatından özlərini itirə bilirlər. Maarifləndirici və təbliğat xarakterli işlər daha da dərinləşdirilməlidir. İnsanlar təkcə dalğa var, üzmək olmaz kimi xəbərdarlıqlara yox, bu dalğaların insan bədəninə təsirini, axına düşəndə nə baş verdiyini, boğulma zamanı bədəndə baş verən proseslərdən xəbərdar olmalıdırlar.

İnsanlar tərəfindən çimərliklərdə qaydaların pozulmasına görə, həm ictimai qınaq, həm də inzibati cərimə tədbirləri olmalıdır. Boğulma hadisələrinin çoxu saniyələr içində səssiz formada baş verir. Boğulan insan qışqıra bilmir, suyun altında batır. Hər il bu kimi faciələrin təkrarlanmasına səbəb ehtiyatsızlıq və heç nə olmaz düşüncəsidir. Bu düşüncədən qurtulmalıyıq”.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Lent.az-a açıqlamasında qeyd edib ki, çimərliklərdəki təhlükəsizliyin beş qızıl qaydası var:

“Yay aylarında çimərliklərdə təhlükəsizlik qaydalarına mütləq ciddi riayət etmək lazımdır. Təkcə dəniz və ya göl yox, həmçinin su anbarlarında, su hövzələrində, çaylarda və kanallarda, arxlarda da diqqətli olmaq lazımdır. Əvvəla, çimmək üçün nəzərdə tutulan yerlərə getmək lazımdır. Digər ərazilər insan həyatı üçün birbaşa təhlükə mənbəyidir. Xəzər dənizinin də hər tərəfi çimmək üçün nəzərdə tutulmayıb.

Çimmək üçün nəzərdə tutulan yerlərdə xilasetmə xidmətləri fəaliyyət göstərirlər. Çimilə biləcək yerlərə müvafiq qurumlar tərəfindən baxış keçirilir. Burada suyun dibinin akvatoriyasından tutmuş sualtı axınların, suyun dibinin relyefi, fiziki-kimyəvi-bakterioloji vəziyyət öyrəniləndən sonra çimməyə icazə verilib-verilməyəcəyi müəyyən edilir. Bu qədər ciddi proseslərdən sonra icazə verilirsə, icazə olmayan yerlərdə çimməyin nə dərəcədə təhlükəli olduğunu düşünmək lazımdır.

Çimərlikdə təhlükəsizliklə bağlı qızıl qaydalar var: əlverişsiz hava şəraitində çimərliyə getməmək, spirtli içki təsiri ilə çimməmək, üzmə sərhədlərini keçməmək, uşaqları nəzarətsiz buraxmamaq və xilasetmə xidməti olmayan yerlərdə çimməmək. Bu beş qızıl qaydaya əməl etməklə çimərlikdə rahat və təhlükəsiz istirahət təşkil etmək olmaz. Əlverişsiz hava şəraitini çoxları düzgün başa düşmür. Əgər küləyin surəti saatda 10-12 km-dən çoxdursa, çimərliyə getmək olmaz.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən verilən statistikalara əsasən nazirliyin nəzarət etdiyi ərazilərdə bir nəfərin belə, boğulma halı qeydə alınmayıb. Bu, bir daha onu deməyə əsas verir ki, həmin çimərliklər daha təhlükəsizdir.

Dünyada çimərliklər və sularda təhlükəsizlik məsələsiylə bağlı tədbir görülür. Hər il dünyada dörd yüz minə yaxın insan suda boğularaq dünyasını dəyişir. Bu hadisələrin 96%-i nəzarətsiz çimərliklərin, 70%-dən çoxu isə əlverişsiz hava şəraitinin payına düşür”.

çimərlik üzmək təhlükəsizlik dənizdə boğulma təhlükəsizlik eksperti

Mənbə: lent.az

Xəbər lenti