IMG-LOGO

Sehrbazlıqla qalibiyyət, 11 saatlıq yoxlama - Dünya çempionatının ən kuryoz hadisələri

01 Jul 2026 20:15 3 baxış
IMG
2 0

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi Dünya çempionatı hələ davam etsə də, artıq turnirin ən çox müzakirə olunan və azarkeşlərin yaddaşında qalan bir sıra maraqlı anları var.

Lent.az 48 milli komandanın iştirak etdiyi turnirin indiyədək ən yaddaqalan və tarixi məqamlarını araşdırıb. 

Tamaşaçı rekordu

Mundial turnir tarixinin azarkeş sayı üzrə rekordunu yeniləyib. Qrup mərhələsini ümumilikdə 3 605 357 tamaşaçı stadiondan izləyib. Bununla da, 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında qeydə alınana rekord (3 587 538) yenilənib.

Yenilənmiş növbəti rekord

Turnir qol sayına görə də rekordu yeniləyib. Qrup mərhələsində 215 qol vurulub ki, bu da əvvəlki rekordu geridə qoyub. 2022-ci ildə Qətərdə keçirilən çempionatda ümumilikdə 172 qol vurulmuşdu. 

Su dolu stadion

Dünya çempionatı çərçivəsində Boston stadionunda keçirilən Norveç və İraq yığmaları arasındakı oyunun fasiləsində meydançanın suvarma sistemində boru qəfil partlayıb. Meydançanı su basmasına baxmayaraq, stadion əməkdaşlarının operativ müdaxiləsi ilə problem nəzarətə götürülüb və qarşılaşma dayandırıldığı yerdən davam etdirilib. 

Oyun zamanı yaranan bu qeyri-adi hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Boru partlaması səbəbindən yaşıl meydanın bəzi hissələri qısa müddətdə su ilə dolsa da, qısa fasilədən sonra ərazi oyuna yararlı hala gətirilib. Oyun Norveç komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

"Ən yaxşı hakim"ə ABŞ-da "yer tapılmadı"

Ötən il Afrikanın ən yaxşı hakimi seçilən Ömər Əbdülqadir Artan  ABŞ-a buraxılmayıb və hakimlər siyahısından çıxarılıb. O, ölkəyə buraxılacağı təqdirdə Dünya Çempionatında oyun idarə etmək üçün təyinat alan ilk somalili hakim kimi futbol tarixinə düşəcəkdi. Bundan öncə turnir iştirakçılarından bəzilərinin viza problemləri həll olunsa da, somalili hakimə güzəştə gedilməyib. Onun aparılan təhlükəsizlik araşdırmalarından sonra ölkəyə buraxılmadığı açıqlanıb. Hakim isə geri dönərkən ölkəsində böyük sevgi və izdihamla qarşıalnıb.

Azarkeşlər öz dəstəyini bu cür nümayiş etdiriblər. FIFA isə çətin vəziyyətlə üzləşən referiyə dəstək nümayiş etdirərək, Dünya Çempionatında iştirak etməməsinə baxmayaraq, ona nəzərdə tutulan tam məbləğin ödəniləcəyini təsdiqləyib.

İranın ölkələr üzərindən futbol mübarizəsi

ABŞ hökumətinin qoyduğu məhdudiyyətlər səbəbindən İran milli komandasının futbolçularına Dünya çempionatı zamanı ABŞ-da gecələməyə icazə verilməyib. Vaşinqton və Tehran arasındakı siyasi münaqişələrə görə, komanda oyunların keçirildiyi gün səhər saatlarında ABŞ-a daxil olub, qarşılaşma bitən kimi isə dərhal tərk etmək məcburiyyətində qalıb.

Oyunların ABŞ-da (Sietl, Los-Anceles və s.) keçirilməsinə baxmayaraq, İran yığması öz ev bazasını Meksikada qurub və məskunlaşmanı orada həyata keçirib. Futbolçular ABŞ ərazisində məşq etmək və ya qalmaq əvəzinə hər oyuna birgünlük səfər ediblər.

11 saatlıq yoxlama

İraq milli komandasının hücumçusu Əymən Hüseyn iyunun əvvəlində ABŞ-yə (Çikaqo şəhərinə) daxil olarkən sərhəd xidməti tərəfindən 11 saatlıq yoxlanışa alınıb. Futbolçunun sənədləri və şəxsi telefonu yoxlanıldıqdan sonra ölkəyə buraxılıb və o, dünya çempionatında iştirak edə bilib. 

Qalibiyyətin sehri

Qana millisinin oyununda tribunada əlində müxtəlif əşyalarla ritual həyata keçirən bir azarkeş diqqət çəkib. Sosial şəbəkələrdə onun rəqib komandaya "qara sehr" etdiyini iddia edən videolar sürətlə yayılıb. Hadisənin zarafat, yoxsa həqiqi inanc olduğu barədə geniş müzakirələr aparılıb. Kadrlarda onun əlindəki tozu meydançaya doğru üfürdüyü görünür.

Maraqlısı isə odur ki, bundan qısa müddət sonra Qana millisi 95-ci dəqiqədə Panamanın qapısına qol vuraraq 1:0 hesabı ilə qalib gəlib. Bu təsadüf sosial şəbəkələrdə müzakirələrə səbəb olub və bəzi istifadəçilər azarkeşi “sehrbaz” adlandırmağa başlayıblar.

Dünya Çempionatı DÇ-2026

Mənbə: lent.az

Xəbər lenti