Ərik mövsümünün ən dadlı vaxtıdır və bu şirəli meyvə ilə hazırlanan ev piroqu süfrənizə xüsusi ləzzət qatacaq. Hazırlanması həm sadə, həm də sürətlidir. Xəmirin xırçıltısı, karamelin ətri və əriklərin şirin-turş dadı bu deserti yenidən hazırlamaq istəyəcəyiniz reseptlərdən birinə çevirəcək.
Lent.az bu resepti təqdim edir:
Xəmir üçün lazım olan ərzaqlar
200 qram un
150 qram dondurulmuş kərə yağı
50 ml buz kimi soyuq su
Bir çimdik duz
Bir neçə damcı limon suyu
İçlik və karamel üçün
800–900 qram ərik
200 qram şəkər tozu
50 qram kərə yağı
Darçın
Hil
Hazırlanma qaydası
Əvvəlcə xəmiri hazırlayın. Unu iş masasının üzərinə tökün. Dondurulmuş kərə yağını iri hissələrə doğrayıb unun üzərinə əlavə edin. Bıçaq vasitəsilə yağı unla xırdalayın. Xəmiri mümkün qədər əllə az təmas etdirin ki, yağ əriməsin. Buz kimi soyuq suya duz və bir neçə damcı limon suyu əlavə edib qarışdırın.
Bu qarışığı una əlavə edin və xəmiri sürətlə yoğurun. Xəmirin tam hamar olması vacib deyil. İçərisində kiçik yağ hissələrinin qalması normaldır. Hazır xəmiri bir neçə dəqiqə soyuducuda saxlayın. Bu vaxt ərikləri yuyun, iki hissəyə bölün və çəyirdəklərini çıxarın.
Karamelin hazırlanması
Tavanı orta odda qızdırın və şəkəri əlavə edin. Şəkər əriməyə başlayana qədər qarışdırmayın. Əridikdən sonra ehtiyatla qarışdıraraq kəhrəba rəngi alanadək bişirin. Tavanı oddan götürün. Üzərinə kərə yağı, darçın və hil əlavə edib qarışdırın.
Piroqun yığılması
Hazırladığınız karameli soba qabına tökün. Ərikləri sıx şəkildə karamelin üzərinə düzün. Soyuducudan çıxardığınız xəmiri yayın və bişirmə qabının ölçüsünə uyğun kəsin. Xəmiri əriklərin üzərinə örtün və çəngəllə bir neçə yerdən deşiklər açın. Əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin.
Piroq hazır olduqdan sonra onu 5 dəqiqə soyumağa qoyun. Daha sonra qabın üzərinə boşqab yerləşdirin və ehtiyatla çevirərək servis edin.
Nuş olsun!
Mətbəx Resept ərikli piroq piroq resept ev şirniyyatıMənbə: lent.az