Yay aylarında dərmanların düzgün saxlanılmaması onların təsirini azalda, hətta sağlamlıq üçün təhlükəli hala gətirə bilər. Əczaçı İon Yalanjinin sözlərinə görə, yüksək temperatur bəzi dərmanların kimyəvi xüsusiyyətlərini dəyişdirərək onları yararsız və ya zərərli edə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, insanlar çox vaxt dərmanların saxlanma qaydaları ilə bağlı təlimatları nəzərə almırlar.
Halbuki temperaturun kəskin dəyişməsi ciddi, hətta həyati təhlükə yaradan nəticələrə səbəb ola bilər. Əczaçının sözlərinə görə, ən həssas dərman formalarından biri ampullardır. Əgər ampulun içindəki mayenin rəngi dəyişibsə və ya çöküntü əmələ gəlibsə, həmin preparatdan istifadə etmək olmaz.
Yüksək temperatur nəticəsində ampulun tərkibindəki su buxarlana bilər. Bu zaman təsiredici maddənin konsentrasiyası artır və dərmanın dozası normadan artıq ola bilər. Bu isə həddindən artıq dozalanma riski yaradır.
İsti hava digər dərmanlara da təsir edirMütəxəssis qeyd edir ki, məlhəmlər və şamlar isti havada əriyə bilər. Tablet və kapsullar isə yüksək temperaturun təsiri ilə öz təsir gücünü qismən və ya tamamilə itirə bilər.
Dərmanları necə saxlamaq lazımdır?Əczaçı dərmanların quru və sərin yerdə, temperaturun 25 dərəcəni keçmədiyi şəraitdə saxlanılmasını tövsiyə edir. Bundan əlavə, yay aylarında dərman qutusunu avtomobildə və ya uzun müddət günəş altında qalan çantada saxlamaq məsləhət görülmür. Bu, preparatların keyfiyyətinə mənfi təsir göstərə bilər.
Mütəxəssis həmçinin xatırladıb ki, bütün dərmanlar bölünərək istifadə üçün nəzərdə tutulmayıb. Xüsusilə təsiredici maddəni tədricən ifraz edən, uzunmüddətli təsirə malik tabletləri həkim və ya əczaçı məsləhəti olmadan hissələrə bölmək olmaz. Bu, dərmanın təsir mexanizmini poza və sağlamlıq üçün risk yarada bilər.
dərmanlar sağlıqMənbə: lent.az