IMG-LOGO

Kondisioner əvəzinə pəncərələrə təbaşir vurun - Fransızlar isti havaya çarə tapdılar

30 Jun 2026 18:09 8 baxış
IMG
62 0

Fransada rekord həddə çatan isti hava dalğası fonunda evləri sərin saxlamaq üçün sadə, ucuz və maraqlı bir üsul geniş yayılmağa başlayıb. Ölkədə Mödon təbaşiri adlanan üyüdülmüş təbaşirə tələbat o qədər artıb ki, bəzi mağazalarda məhsul tamamilə tükənib. Əvvəllər əsasən boya hazırlanmasında və təmizləyici vasitə kimi istifadə olunan bu təbii material indi məktəblərin və fərdi evlərin pəncərələrinə çəkilir. Su ilə qarışdırılaraq şüşənin üzərinə tətbiq edilən təbaşir nazik ağ təbəqə yaradır. Bu təbəqə işığın bir hissəsini içəri buraxır, eyni zamanda günəş şüalarının yaratdığı istiliyin böyük hissəsini geri qaytarır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, iqlim dəyişikliyi nəticəsində dünyada isti hava dalğalarının daha tez-tez və daha güclü müşahidə olunduğunu nəzərə alan mütəxəssislərin fikrincə, bu cür sadə üsullar xüsusilə şəhərlərdə yaşayan insanlar üçün faydalı ola bilər.

Ağ rəng istiliyi geri əks etdirir

Ağ rəngli boya uzun illərdir binaların divar və damlarında istifadə olunur. Bunun səbəbi ağ səthlərin günəş işığını və istiliyini əks etdirməsi, tünd rənglərin isə onu udmasıdır.

Araşdırmalar göstərir ki, adi ağ boya ilə örtülmüş səthin digər tərəfində temperatur günorta saatlarında ətraf mühitin temperaturundan ən azı 1,7 dərəcə aşağı olur.

Xüsusi hazırlanmış superağ boyalar isə daha yüksək nəticə göstərir. Onlar günəş şüalarının 98 faizdən çoxunu geri qaytara bilir. Bundan başqa, bu boyalar radiasion soyutma adlanan proses vasitəsilə topladıqları istiliyi atmosferə ötürür və bunun sayəsində otaqların temperaturunu bir neçə dərəcə aşağı salır.

Aparılan tədqiqatlardan birində müəyyən olunub ki, superağ boya günəş şüalarının 98,1 faizini əks etdirir. Əvvəlki nəsil boya isə bu göstəricidə 95,5 faiz nəticə vermişdi. Başqa bir araşdırmaya görə, superağ boya xüsusi qara örtüklə birlikdə istifadə edildikdə gündüz saatlarında temperaturu 7,6 dərəcəyədək azaltmaq mümkündür.

Təbaşirin üstünlüyü nədədir?

Təbaşirin əsas tərkib hissəsi olan kalsium karbonat günəş şüalarını yüksək səviyyədə əks etdirir və güclü günəş radiasiyasına davamlıdır.

Məhz bu xüsusiyyətə görə alimlər yeni nəsil soyuducu boyaların hazırlanmasında da kalsium karbonat nanohissəciklərindən istifadə edirlər.

Avstraliyanın Yeni Cənubi Uels Universitetində bu sahə üzrə çalışan tədqiqatçı Cyaşuo Van bildirib ki, kalsium karbonat hissəcikləri onların hazırladığı soyuducu boyaların da əsas komponentlərindən biridir.

Kalsium karbonat həmçinin ultrabənövşəyi və yaxın infraqırmızı şüaları, yəni günəşdən gələn istiliyin böyük hissəsini daşıyan şüaları effektiv şəkildə geri qaytarır.

Bu səbəbdən həmin materialdan təkcə binaların deyil, həm də insanı sərin saxlayan xüsusi parçaların hazırlanmasında istifadə olunur.

Bundan əlavə, təbaşir sağlamlıq və ətraf mühit baxımından nisbətən təhlükəsiz hesab olunur. Bununla belə, qapalı məkanlarda onun tozunun nəfəs yollarına düşməsi müəyyən narahatlıqlar yarada bilər.

Fransada təbaşir qıtlığı yaranıb

Fransa mətbuatının məlumatına görə, ölkədə temperaturun 40 dərəcəni keçməsi ilə birlikdə Mödon təbaşirinə tələbat rekord həddə çatıb.

Ənənəvi olaraq bu məhsul mağaza vitrinlərinin müvəqqəti ağardılmasında və istixanalarda istifadə olunurdu. Lakin sosial şəbəkələrdə pəncərələri təbaşirlə örtmək üsulu sürətlə yayıldıqdan sonra məhsul mağazalarda qıtlaşmağa başlayıb.

Bir sıra məktəblər də sinif otaqlarının həddindən artıq isinməsinin qarşısını almaq üçün pəncərələrinə təbaşir çəkiblər.

Bununla belə, bəzi mütəxəssislər bildirirlər ki, bu üsul problemi tam həll etmir. Onların fikrincə, binaların damlarının və divarlarının keyfiyyətli istilik izolyasiyası daha vacibdir.

Mütəxəssislər qeyd edirlər ki, təbaşirdən istifadə həm ucuz başa gəlir, həm də ətraf mühitə daha az zərər verir. Kondisionerlər işləyərkən elektrik enerjisi sərf edir və eyni zamanda xaricə isti hava ötürərək şəhərlərdə temperaturun daha da yüksəlməsinə səbəb olur.

Buna görə də Fransada son illər istiliyi əks etdirən dam örtükləri getdikcə daha çox tətbiq edilir. Damların ağ rəngə boyanması və ya xüsusi əks etdirici örtüklərlə örtülməsi binanın daha az isinməsinə kömək edir.

Bu üsul əslində yeni deyil. Aralıq dənizi hövzəsində, xüsusilə Yunanıstanda insanlar əsrlərdir evlərini ağ rəngə boyayaraq yay istisindən qorunurlar.

Tədqiqatlardan biri göstərir ki, əgər Londonda binaların damları geniş şəkildə ağ və ya istiliyi əks etdirən örtüklə örtülsə, isti hava dalğaları zamanı şəhərin orta temperaturunu təxminən 0,8 dərəcə azaltmaq və istilərlə əlaqədar təxminən 249 ölüm hadisəsinin qarşısını almaq mümkün olar.

Qatıq da sərinlik yarada bilər

Araşdırmaçılar daha bir maraqlı üsulu da sınaqdan keçiriblər. Onlar pəncərələrə nazik qatıq təbəqəsi çəkilən evlərdə temperaturu ölçüblər.

Nəticələr göstərib ki, belə evlərin daxilində temperatur orta hesabla 0,6 dərəcə aşağı olur. Güclü günəşli və isti havalarda isə otaq temperaturu 3,5 dərəcəyədək azala bilir. İlk vaxtlar qatığın qoxusu hiss olunsa da, o quruduqdan sonra bu qoxu demək olar ki, tamamilə yox olur.

Fransa Avropa isti hava

Mənbə: lent.az

Xəbər lenti