"30.06.2026-cı il tarixə olan məlumata əsasən, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb”.
Bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov deyib.
O bildirib ki, onlardan 4 004 nəfəri I Qarabağ müharibəsində, 6nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşüb: “4 010 nəfərdən 3 228 nəfəri hərbçi, 782 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 288 nəfəri qadın, 319 nəfəri qocadır.
Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 2008-ci ildə imzalanmış “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması” üzrə çərçivə sazişinəuyğun olaraq 2014-cü ildən etibarən itkin düşmüş Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin toplanmasına başlanıb.
2023-cü ildən etibarən isə bioloji nümunələrin toplanması işi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır.
30.06.2026-cı il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib. Toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir”./APA
***
Bakıda İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmiləri, xarici nümayəndələr, diplomatik korpusun təmsilçiləri, deputatlar iştirak edir.
Tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri Qəzənfər Əhmədov moderatorluğu ilə keçirilir./APA
beynəlxalq konfransMənbə: lent.az