Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopes "Prime Video" platformasının təşkil etdiyi tarixdə ilk Obsessed Fest festivalında gözlənilmədən səhnəyə çıxaraq tamaşaçıları təəccübləndirib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 56 yaşlı pop ulduzu tədbirdə dizdən yuxarı çəkmələrlə tamamlanan bədən rəngli kombinezon-bodi geyimində çıxış edib.
O, əvvəlcə iki mahnısını ifa edib, daha sonra isə "Off Campus" serialının aktyor heyətini panel müzakirəsi üçün səhnəyə dəvət edib. Lopesin şəffaf görünən kombinezonu tato və qrafiti üslubunda hazırlanmış naxışlarla bəzədildiyi üçün ilk baxışdan bütün bədəninin yazılarla örtüldüyü təəssüratını yaradıb.
Korset formalı bodi uzunqollu şəffaf üst geyimi və tor corablarla tamamlanıb. O, obrazını eyni naxışlarla bəzədilmiş hündür çəkmələrlə tamamlayıb. Səhnəyə parlaq mavi qısa tüklü gödəkçə ilə çıxan sənətçi çıxışı zamanı rəqs edərkən gödəkçəsini tamaşaçılara doğru atıb.
Müğənni çıxışı zamanı yeni "Everything's Fine" mahnısını və 2011-ci ildə yayımlanan məşhur "On the Floor" hitini səsləndirib. Lopes enerjili performansı ilə diqqət çəkib.
Konsert zamanı o, tamaşaçı sıralarının arasından keçərək pərəstişkarlarını salamlayıb. Səhnədə ona rəqs qrupu qoşulub və rəqqaslar bir anda müğənnini havaya qaldıraraq tərsinə çeviriblər.
Cennifer Lopes isə bu mürəkkəb akrobatik hərəkətlər zamanı belə mahnını rahatlıqla ifa etməyə davam edib.
Lopez müğənni


Mənbə: lent.az