Amerikalı aktyor Arnold Şvartsenegger pərəstişkarlarını yenidən təəccübləndirib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, o, bu dəfə süni intellektlə işləyən rəqəmsal hakim obrazında çıxış edib.
"Amazon Luna" platforması üçün hazırlanan “Courtroom Chaos” adlı yeni interaktiv oyunun treylerində Şvartsenegger qeyri-adi rolda görünür. Layihədə o, absurd məhkəmə proseslərini idarə edən və iştirakçıların dediklərinə real vaxtda reaksiya verən süni intellekt hakimi kimi təqdim olunur.
Oyunun əsas xüsusiyyəti ondan ibarətdir ki, bu, Şvartseneggerin səsini və xarici görünüşünü generativ süni intellekt texnologiyası üçün rəsmi şəkildə lisenziyalaşdırdığı ilk layihədir. Beləliklə, aktyor hadisələrin gedişinin birbaşa oyunçuların qərarlarından asılı olduğu yeni nəsil interaktiv əyləncə formatının bir hissəsinə çevrilib.
Layihənin konsepsiyasına görə, iştirakçılar ekran qarşısında toplaşır və öz smartfonlarından idarəetmə vasitəsi kimi istifadə edirlər. Onlar istənilən mövzuda mübahisə apararaq süni intellektlə yaradılmış hakim Arnold qarşısında öz mövqelərini müdafiə edə bilirlər.
Rəqəmsal Şvartsenegger eyni vaxtda bir neçə funksiyanı yerinə yetirir: suallar verir, etirazlar səsləndirir, arqumentləri qiymətləndirir və sonda əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan yekun hökm çıxarır.
Arnold ŞvartseneggerMənbə: lent.az