IMG-LOGO

Oğrular evə girməzdən əvvəl onu öyrənmək üçün Google xəritələrdən istifadə edirlər

23 Jun 2026 18:13 2 baxış
IMG
0 0

Müasir texnologiyalar həyatımızı asanlaşdırdığı kimi, cinayətkarların da işini asanlaşdırır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, oğrular artıq evlərə girməzdən əvvəl Google Maps, dronlar və sosial şəbəkələrdən istifadə edərək ətraflı məlumat toplayırlar. Bunun sayəsində onlar evin yerləşdiyi ərazi, giriş-çıxış yolları və təhlükəsizlik səviyyəsi barədə əvvəlcədən təsəvvür əldə edə bilirlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, əvvəllər oğrular seçdikləri evi günlərlə izləməli olurdular, indi isə "Google Maps" və "Street View" xidməti sayəsində bunu kompüter və ya telefon vasitəsilə bir neçə dəqiqə ərzində etmək mümkündür.

Xəritələr onlara küçələrin quruluşunu, evlərin yerləşməsini, hasarların hündürlüyünü, yan küçələri, həyətyanı sahəni və hətta hadisədən sonra istifadə oluna biləcək qaçış yollarını göstərir. Beləliklə, cinayətkarlar evə gəlməzdən əvvəl lazımi məlumatların böyük hissəsini əldə etmiş olurlar.

Bundan başqa, kameralı dronlar da oğruların istifadə etdiyi vasitələr sırasına daxil olub. Hətta ucuz qiymətə satılan dron vasitəsilə həyətin görüntüsünü çəkmək, evdə it olub-olmadığını müəyyənləşdirmək, müşahidə kameralarının yerini öyrənmək və tez-tez açıq qalan pəncərələri aşkar etmək mümkündür.

Ekspertlər bildirirlər ki, sosial şəbəkələr də oğrular üçün əsl məlumat mənbəyinə çevrilib. İnsanların tətilə getdiklərini, ezamiyyətdə olduqlarını və ya uzun müddət evdə olmayacaqlarını göstərən paylaşımlar cinayətkarların evin boş olduğunu anlamasını asanlaşdırır.

Mütəxəssislər bildirirlər ki, istənilən istifadəçi evinin "Google Street View" görüntüsünü bulanıqlaşdıra bilər. Bunun üçün "Google Maps"də ünvanınızı açmalı, "Street View" rejiminə keçməli, daha sonra sol yuxarı hissədə yerləşən üç nöqtəyə toxunaraq "Problem haqqında məlumat ver" bölməsini seçməlisiniz. Ardınca bulanıqlaşdırmaq istədiyiniz obyekti evi, avtomobili və ya üzləri qeyd edib, bunun şəxsi məxfiliyin qorunması məqsədi daşıdığını yazaraq sorğunu göndərmək kifayətdir. Google müraciəti yoxladıqdan sonra təsdiqlənərsə, eviniz "Street View" xidmətində bulanıq şəkildə görünəcək.

Lakin bu qərarın geri qaytarılmadığını da nəzərə almaq lazımdır. Bir dəfə görüntü bulanıqlaşdırıldıqdan sonra onu əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmaya bilər. Buna görə müraciət etməzdən əvvəl bu addımı diqqətlə düşünmək tövsiyə edilir.

Mütəxəssislər təhlükəsizlik üçün daha bir neçə sadə məsləhət də verirlər. Tətil zamanı harada olduğunuzu sosial şəbəkələrdə real vaxt rejimində paylaşmamaq, evdə siqnalizasiya və müşahidə kameralarından istifadə etmək, qonşulardan evə nəzarət etmələrini xahiş etmək, poçt qutusunda məktubların uzun müddət yığılmasına imkan verməmək və axşam saatlarında avtomatik işıqlandırmadan istifadə etmək oğruların diqqətini evinizdən yayındıra bilər.

Google Maps Google Street View kibertəhlükəsizlik məxfilik

Mənbə: lent.az

Xəbər lenti