IMG-LOGO

"Yerə yıxılandan sonra da vurdum " – Ata qatilindən qan donduran etiraf

22 Jun 2026 14:34 4 baxış
IMG
2 0

Türkiyənin Diyarbəkir vilayətində atası Nesih Dənizi tapança ilə qətlə yetirən Mesut Dənizin ifadəsi ortaya çıxdı.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, həbs edilən Mesut Dəniz cinayəti etiraf edib və hadisənin miras bölgüsü ilə bağlı yaranan mübahisədən qaynaqlandığını bildirib.

Hadisə iyunun 20-də axşam saatlarında Diyarbəkirin Çınar rayonunun Ağaçsevər kəndində baş verib. Ata ilə oğul arasında başlayan mübahisə qısa müddətdə böyüyüb. Mesut Dəniz üzərində olan tapança ilə 63 yaşlı atası Nesih Dənizə atəş açıb. Ağır yaralanan kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra qaçan şübhəli kənddəki üzüm bağlarında jandarma əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

İfadəsində törətdiyi cinayəti etiraf edən Mesut Dəniz bildirib ki, hadisədən bir neçə gün əvvəl atası ilə mirasın bölüşdürülməsi üstündə mübahisə edib. Onun sözlərinə görə, hadisə günü qanunsuz saxladığı tapançanı da özü ilə götürüb.

Mesut Dəniz bildirib ki, axşam saatlarında əmisinin evinin qarşısında olarkən atası ilə qarşılaşıb. O iddia edib ki, atası onu görəndə təhqir edib və hədələyib.

"Məni görəndə təhqir etdi. "Səni öldürəcəyəm", - dedi. Əlini belinə atdı. Onun həmişə silah gəzdirdiyini bilirdim. Həmin an silahı görmədim, amma məni öldürəcəyini düşündüm. Öz tapançamı çıxarıb atəş açdım", - deyə o ifadəsində bildirib.

Şübhəli atası yerə yıxıldıqdan sonra da atəş açmağa davam etdiyini etiraf edib.

"Atam yerə yıxıldıqdan sonra da atəş açdım. Həmin an özümü idarə edə bilmirdim. Sonra hadisə yerindən qaçdım. Nə etdiyimi bilmirdim. Şeytana uydum", - deyə Mesut Dəniz bildirib. O, baş verənlərdən peşman olduğunu da vurğulayıb.

"Məqsədim onu öldürmək deyildi. Onun öldüyünü sonradan öyrəndim. Çox peşmanam. Kaş ki, bunu etməzdim. Nə ailəmi, nə də özümü belə vəziyyətə salmaq istəməzdim", - deyə o əlavə edib.

Hadisə ilə bağlı istintaq davam edir.

 

 

Türkiyə Diyarbəkir Çınar qətl ata qətli Mesut Dəniz Nesih Dəniz miras bölgüsü ailə münaqişəsi cinayət

Mənbə: lent.az

Xəbər lenti