Yeni Dövlət Proqramının ən mühüm istiqamətlərindən biri buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsidir. Bu sahədə yanaşma artıq daha hədəfli formalaşdırılır. Rayonlar potensiala, suvarma imkanlarına, aqropark infrastrukturuna və lazer hamarlama imkanlarına görə qruplaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı Lənkəranda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Onun sözlərinə görə, buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib. Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir.
Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, 31 dəmyə rayonda hansı ki, - buna Lənkəran-Astara iqtisadi rayonunun rayonları da aiddir, - 30 sentnerə çatdırılması nəzərdə tutulur. 8 perspektiv rayonda isə 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir.
“Bu hədəflərə çatmaq üçün bir neçə əsas tədbir nəzərdə tutulur. Birincisi, müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. İkincisi, texnika təminatı yaxşılaşdırılacaq. Üçüncüsü, lazer hamarlama texnologiyasının tətbiqi genişləndiriləcək. Dördüncüsü, buğda istehsalının inkişafına dövlət dəstəyi artırılacaq. Beşincisi, aqrotexniki qulluq işlərinə nəzarət gücləndiriləcək və zəruri meliorativ tədbirlər həyata keçiriləcək”, - deyə o əlavə edib.
Yeni Dövlət ProqramıMənbə: lent.az