Bu gün bütün futbolsevərlər üçün bayram hesab edilən 23-cü Dünya çempionatı Meksika - Cənubi Afrika Respublikasə qarşılaşması ilə start götürəcək. 48 milli komandanın iştirakı ilə 11 iyun - 19 iyul tarixlərində təşkil olunacaq mundial böyük maraqla gözlənilir. Hər 4 ildən bir keçirilən mundialda Azərbaycan millisi iştirak etməsə belə, öz adını əbədi olaraq çempionat tarixinə yazdırmağı bacarıb.
Lent.az bildirir ki, bu, adına stadiona olan yeganə hakim - Tofiq Bəhramovun sayəsində mümkün olub.
Azərbaycan adı Dünya çempionatının tarixi səhifələrində
Azərbaycanı Dünya çempionatının bir parçasına çevirən Tofiq Bəhramov yanvar 1925-ci il yanvarın 29-da Şuşa şəhərində anadan olub. Uşaqlıq illərinin böyük əksəriyyətini burada keçirən Bəhramov atasının işləri ilə əlaqədar əvvəlcə Ağdam şəhərinə, daha sonra Bakıya köçüb.
Onun futbolçu karyerası isə 1943-cü ildə "Burevestnik"dəki debütü ilə başlayıb. Lakin erkən - 25 yaşında zədə səbəbilə karyerasını sonlandırmaq məcburiyyətində qalıb. Futbola maraq və sevgisi isə onu yaşıl meydanlardan uzaqlaşmağa icazə verməyib. Elə qismətin özü də.
1951-ci ilə Bakı kubokunun "Dinamo" - "İnşaatçı" oyununa təyin edilən hakim gəlib çıxa bilməyib. Bundan sonra sözügedən oyunu Tofiq Bəhramova həvalə etmək qərarına gəliblər. Bir zədə ilə başa çatan karyera başqa birinin gecikməsi ilə yenidən başlayıb. Bu başlanğıc isə onu yazacağı tarixə doğru aparan yolun təməlinə çevirilib - 1966-cı ilin Dünya çempionatının finalına...
Saniyələr içində verilən taleyüklü qərar
1966-cı ilin yayında İngiltərədə keçirilən və rekord sayda (98 000) azarkeşin izlədiyi Dünya çempionatının finalı futbolun ən gərgin və dramatik səhnəsini həm də sonuncu dəfə ağ-qara ekranlarda izlənməyə gətirib. İngiltərə - Almaniya final qarşılaşmasını Azərbaycan və həmçinin, ingilislər üçün önəmli edən tərəf isə yan xəttə təyinat alan həmyerlimiz Bəhramovun qərarı olub.
90 dəqiqənin tamamında 2:2 hesabla yekunlaşan oyunda qalib müəyyənləşmədiyindən əlavə vaxta gedilib. Əlavə vaxtın 101-ci dəqiqəsində İngiltərənin hücumu zamanı Alan Ball sağ cinahdan Geoff Hursta məhsuldar ötürmə verib. Topu qəbul edən Hurst isə tarixi dönüş edərək, üzünü çevirib qapıya zərbə vurub. Top qapının üst tirinə dəyərək aşağı düşüb və sonra yenidən geri qayıdıb.
Epizodu tam görə bilməyən baş hakim Gottfried Dienst tərəddüd içində qalıb: Top qapı xəttini keçmişdimi? Mübahisəli epizodun dəyərləndirilməsi isə həmyerlimizin öhdəsinə buraxılıb.
Hesabın 2:2 olduğu bir zamanda tarixi qərarı yan xətt hakimi Tofiq Bəhramov verib. Bəhramov öz mövqeyindən topun xətti keçdiyinə işarə edib. Mərkəzi göstərən hakim qolun qeydə alındığını bildirib. Beləliklə, ingilislər 3:2 hesabı ilə önə keçib.
Almaniya milli komandasının futbolçularının etirazlarına, alman azarkeşlərin qəzəbinə baxmayaraq, qərar dəyişdirilməyib. Ardınca Geoff Hurst növbəti qolunu vuraraq komandasını 4:2 hesabı ilə önə keçirib və İngiltərənin çempionluğu rəsmiləşib.
Bu, ingilislərin turnirdəki ilk çempionluğu kimi qeydə alınır. T.Bəhramovun qərarından Hursta düşən daha bir pay isə onun Dünya çempionatı finallarında het-trik edən ilk futbolçu kimi tarixə keçməsi olub.
Tanrının Azərbaycan futboluna hədiyyəsi
Oyundan sonra epizod geniş müzakirələr yaradıb, fotolar və müəyyən görüntülərlə topun düşmə vəziyyəti araşdırılıb. Bəzi mənbələrdə bu qərar SSRİ-dən olan hakimin almanlara qarşı qərəzi kimi təqdim edilib. Lakin o təkidlə qərarının arxasında dayanıb.
Çoxları referimizin qərarını dəstəkləyib. Dünya Üçüncü Dünya müharibəsində olduğu kimi, iki qütbə ayrılıb: almanlar böyük çoxluqla dəstəkdən kənarda qalıb. Bütün bunlar 1966-cı il finalının ən maraqlı, önəmli və mübahisəli hissəsi kimi xatırlanır.
Müzakirələrin yaratdığı səs-küy isə günümüzdə də eşidilib. Beləliklə, baş hakimdən daha çox adından söz etdirən həmyerlimiz tarixi qərarın memarı, ədalətin təmsilçisinə çevirilib. İllər sonra müasir qayda və tədqiqatlar topun qapı xəttini tam keçdiyini və referimizin haqlı qərar verdiyini təsdiqləyib.
Onu da qeyd etməliyik ki, həmin illərdə mundialda yalnız söz sahibi olan ölkələrin hakimləri yer alırdı. Final mərhələsində yan xətt hakimliyi üçün SSRİ-dən 3 namizəd olsa da, yekunda seçim Tofiq Bəhramovdan yana olmuşdu. Rusiyadan Sergey Alimov, Gürcüstandan Karlo Kolaşvili 1966-cı il finalının hakimliyi üçün təqdim edilib. Oxun həmyerlimiz üzərində dayanması isə Azərbaycan futboluna Tanrının hədiyəsi sayıla bilərdi.
Kraliçadan mükafat alan nadir hakim
Verdiyi qərarla ingilisləri sevindirən Bəhramova çox sayda məqalələr, kitablar həsr olunub. İngilis yazıçısı Artur Hopkraft "Futbol adamı" kitabını Bəhramov üçün yazıb. Britaniya mətbuatı isə onu "Matçın xilaskarı" kimi başlıqlarla tərənnüm edib. O dönəmdə "Qızıl fit" yalnız baş hakimlərə təqdim olunsa da, Bəhramov bu mükafatı qazanan ilk yan xətt hakimi olur. Eyni zamanda, referiyə Böyük Britaniya kraliçası II Yelizaveta "Qızıl ilahə" mükafatını təqdim edib.
O, dünya tarixində nadir hakimlərdən biridir ki, kraliça ilə şəxsən görüşüb və mükafatı onun özündən alıb. Ədalət təmsilçisinin şərəfinə İngiltərənin "Uembli" stadionunun yaxınlığında heykəl ucaldılıb. Tofiq Bəhramov adına stadion olan yeganə hakimdir. Bakı şəhərində yerləşən Tofiq Bəhramov adına Respublika stadionu bu gün komandalarımızın tarixi oyunlarının iqamətgahına çevirilib.
İmza atdığı tarixi ilklər
Karyerasına başladığı dövrdən 13 dəfə SSRİ çempionatının ən yaxşı hakimləri siyahısında yer alan Tofiq Bəhramov ümumilikdə 146 oyunda ədaləti qoruyub. O, SSRİ-də Avropa çempionatının final oyununu idarə edən birinci sovet hakimi tarixə düşüb. Həmyerlimiz Nikolay Latışevdən sonra dünya çempionatının final mərhələsində hakimlik etmiş ikinci sovet hakimidir.
1975-ci ildə karyerasını bitirən referi 1992-ci ildə AFFA Hakimlər Komitəsinin sədri təyin edilib.
Tofiq Bəhramov 1993-cü il martın 26-da 68 yaşında vəfat edib.
Qeyd edək ki, Tofiq Bəhramovun tarixi finalda geyindiyi forma Bəhramovlar ailəsi tərəfindən yuyulmadan saxlanılıb.
Dünya Çempionatı tofiq bəhramov 1966 tarix futbol





Mənbə: lent.az