Bir çox turist qeydiyyatdan keçmiş baqajın itməsi və ya zədələnməsi qorxusuna görə yalnız əl yükü ilə səyahət etməyə üstünlük verir. Lakin çamadanı baqaja vermək qaçılmaz olduqda belə, sərnişinlərin kompensasiya almaq hüququ var.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, beynəlxalq hüquqda mövcud olan Monreal Konvensiyası sərnişinləri baqajın zədələnməsi, itməsi və ya gecikdirilməsi hallarında qoruyur.
Bunun üçün isə müəyyən qaydalara əməl etmək vacibdir. Bildirilir ki, sərnişin çamadanı aviaşirkətə təhvil verdiyi andan etibarən, baqaj təyinat məntəqəsində sahibinə çatdırılana qədər onun təhlükəsizliyinə görə hüquqi məsuliyyət daşıyır.
Aviaşirkətlər adətən kiçik cızıqlar, sürtünmələr və xırda əziklərə görə ödəniş etmir. Lakin təkərlərin qırılması, qulpun sınması, çamadanın konstruksiyasının zədələnməsi və ya içəridəki əşyaların korlanması kompensasiya üçün əsas hesab olunur.
Ekspertlər zədələnmə barədə mümkün qədər tez məlumat verməyi tövsiyə edirlər. Ən yaxşı variant bunu hava limanında, baqajı alan kimi etməkdir. Əks halda aviaşirkət zədənin sonradan yarandığını iddia edə bilər.
Sərnişinlərə “Property Irregularity Report” (PIR) adlı zədələnmə aktını mütləq əldə etmək məsləhət görülür. Bu sənəd zədənin hava limanında qeydə alındığını sübut edir.
Həmçinin zədələnmiş çamadanın şəkil və videolarını dərhal çəkmək tövsiyə olunur. Mütəxəssislər hətta uçuşdan əvvəl sağlam vəziyyətdə olan çamadanın da fotosunun çəkilməsini vacib sayırlar. Kadrlarda baqaj lentinin nömrəsi, hava limanı tabloları və göstəricilər görünərsə, bu əlavə sübut kimi istifadə oluna bilər.
Qeyd olunur ki, zədələnmə ilə bağlı rəsmi müraciət üçün vaxt çox məhduddur. Adətən aviaşirkətin saytında uçuşdan sonra yeddi gün ərzində şikayət göndərilməlidir. Bu müddət ötürüldükdə kompensasiya hüququ demək olar ki, itirilir.
Aviaşirkətlər əsasən üç formada kompensasiya təklif edir: peşəkar təmir xidmətinin ödənilməsi, yeni çamadanla əvəzləmə və amortizasiya nəzərə alınmaqla pul ödənişi.
Məsələn, dörd il istifadə olunmuş 300 avroluq çamadanın hazırkı dəyəri təxminən 100 avro hesablanaraq həmin məbləğ ödənilə bilər.
Əgər çamadanın içindəki əşyalar zədələnibsə, sərnişin onların düzgün qablaşdırıldığını sübut edə bildiyi halda əlavə kompensasiya almaq hüququna malikdir.
baqaj səyahət uçuşMənbə: lent.az