Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında birinci yeri tutmaq üçün əlindən gələni edəcək.
Bu barədə komandanın üzvü Ruzigar İbrahimzadə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında deyib.
O, İtaliyaya üç cavabsız qolla qalib gəldikləri matçdan sonra fikirlərini bölüşüb:
"Mən ilk dəfə Avropa çempionatında oynayıram. Bunun üçün çox xoşbəxtəm. Ardıcıl ikinci qələbəmizi qazandıq və növbəti mərhələyə yüksəldik. Həm də komandada birinci qolumu vurdum. Milliyə xeyir verdiyimə görə sevinirəm. İnanıram ki, bu bizim son qalibiyyətimiz deyil. Turnirdə çempion olmaq üçün əlimizdən gələni edəcəyik".
R.İbrahimzadə ilk matça nisbətən bu gün daha rahat oynadıqlarını söyləyib:
"Birinci oyuna nisbətən bu gün daha rahat idik. Çünki meydançaya çox öyrəşməmişdik. Başqa yerdə məşq etmişdik. Yarışın ilk görüşü həmişə çətin alınır. Amma sonra daha yaxşı oyun sərgiləyə bilirik".
O, F qrupunun III turunda Fransaya qarşı keçirəcəkləri oyuna da toxunub:
"Heç vaxt rəqiblər haqqında düşünmürük. Bacardıqlarımızı yüksək səviyyədə etmək niyyətindəyik. Ancaq qələbəyə köklənirik".
Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq. Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.
Mənbə: report.az